Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayacaq
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat 2026-cı il sentyabr ayının 23-də ictimaiyyətə açıqlanacaq.
Day.Az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Bildirilib ki, cari ilin qalan dövründə də faiz dəhlizinə dair qərarlar inflyasiya proqnozu və makroiqtisadi göstəricilərin dinamikası nəzərə alınmaqla veriləcək.
"Qlobal mühitdəki qeyri-müəyyənlikləri nəzərə alaraq makroiqtisadi göstəricilərin bir neçə ssenaridə proqnozları nəzərdən keçiriləcəkdir. Faiz dəhlizinin parametrləri ilə bağlı qərarlar verilərkən valyuta bazarında gedən proseslər və bank sektorunda likvidliyin dinamikası da nəzərə alınacaqdır. O cümlədən qərarlar verilərkən manatın məzənnəsi üzərində möhkəmlənmə təzyiqlərinin davamlılığı və valyuta artıqlığının miqyası da diqqətdə saxlanılacaqdır", - məlumatda bildirilib.
Qeyd edək ki, iyulun 31-də Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri dəyişməz saxlanılıb. Belə ki, uçot dərəcəsi 6,5% səviyyəsində saxlanılıb. Faiz dəhlizinin aşağı həddi 5,5%, yuxarı həddi isə 7,5% səviyyəsində müəyyən edilib.
Niderlandın ING bank qrupunun analitikləri də AMB-nin qarşıdakı iclasında uçot dərəcəsini 6,5% səviyyəsində dəyişməz saxlayacağını gözləyirlər. ING-nin analitik icmalında qeyd olunub ki, Azərbaycanda cari inflyasiya 5,6-5,8% səviyyəsində sabitləşib və bu göstərici AMB-nin 4% ± 2% hədəf diapazonu daxilindədir.
Bununla yanaşı, ING analitikləri qlobal və regional səviyyədə inflyasiya və faiz dərəcələrinin artması fonunda AMB-nin növbəti açıqlamalarında inflyasiya risklərinə daha çox diqqət yetirə biləcəyini bildiriblər. Bank tənzimləyicinin gələcək pul-kredit siyasəti ilə bağlı daha sərt siqnallar verə biləcəyini də istisna etmir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре