Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib - FOTO
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Alman-Azərbaycan Cəmiyyətinin dəstəyi ilə Şəmkir rayonunda yerləşən tarixi Alman Lüteran kilsəsində Fidan Hacıyeva Vokal Musiqi Məktəbinin III Beynəlxalq Opera Festivalı keçirilib.
Day.Az xəbər verir ki, tədbirin əvvəlində Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingiz Abdullayev tərəfindən Xalq artisti Fidan Hacıyevanın 50 illik yubileyi münasibətilə Cəmiyyətin "Körpü" diplomu yubilyara təqdim edilib.
Tədbirdə Alman-Azərbaycan Cəmiyyətinin İdarə Heyətinin üzvü, tarix elmləri doktoru Həcər Verdiyeva çıxış edərək almanların Azərbaycan torpaqlarında məskunlaşma tarixindən, onların ölkəmizin ictimai və mədəni həyatına verdikləri töhfələrdən, eləcə də Azərbaycan-Almaniya münasibətlərinin tarixi-mədəni aspektlərindən bəhs edib, Alman Lüteran kilsəsinin tarixi haqqında məlumat verib.
3 oktyabr - Almaniyanın Birlik Gününə həsr olunmuş musiqi tədbirində Azərbaycan və Alman bəstəkarlarının əsərləri səsləndirilib. Festival çərçivəsində vokal və opera musiqisinin müxtəlif nümunələri təqdim olunub. Konsert proqramında Azərbaycanın Xalq artisti Fidan Hacıyeva, gənc solistlər və "Mezzo" Kamera Orkestri iştirak edib.
Musiqi proqramında səsləndirilən əsərlər tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. İfaçıların məlahətli səsləri və peşəkar ifaları tədbir iştirakçıları və qonaqların alqışları ilə müşayiət olunub.
Şəmkir rayonunda tarixi Alman Lüteran kilsəsində baş tutan konsert Azərbaycan və Almaniya arasında mədəni əlaqələrin, eləcə də musiqi diplomatiyasının inkişafına töhfə verən tədbirlərdən biri kimi yadda qalıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре