Rafiq Əzimov: "Həyatımın ləzzəti onlardadır"

Day.Az представляет интервью на азербайджанском языке.

 

Xalq artisti Rafiq Əzimovun Milli.Az-a müsahibəsi.

- Rafiq müəllim, bu gün sizin 75 yaşınız tamam olur. Sizi təbrik edib, icazənizlə suallarıma keçmək istərdim... Yubileyiniz necə keçiriləcək?


- Çox sağ olun, oğlum. Əvvəla onu deyim ki, mənim 70 illik yubileyimi Mədəniyyət Nazirliyi keçirmişdi. Fevral ayı soyuq olduğuna görə özüm onlardan xahiş etmişdim ki, yubileyimi Novruz bayramı ərəfəsinə salsınlar. Sağ olsunlar, mənim bu xahişimi hörmətlə qarşılayıb, yerinə yetirdilər. Yubileyimi çox gözəl və yüksək səviyyədə keçirdilər. Fevralın 4-də tamaşaçılar "Mədəniyyət" kanalında mənim yaradıcılığıma həsr olunmuş verilişə baxa bilərlər. Teatrımızda qızğın işlər görülür, bizi tərk etmiş bir neçə sənətkarın yubileylərini, xatirə gecələrini keçirəcəyik. Bu ərəfədə heç özüm də razı olmaram ki, yubileyimi təntənəli surətdə keçirsinlər. Mən gözütox insanam, əsas odur ki, teatrda rollarım olsun və mən rollarım, obrazlarım üzərində işləyim. Mənim aləmimdə gözütox olmaq daha yaxşıdır. Bildiyinizə görə bu yaxınlarda teatrımız "Qatarın altına atılan qadın" tamaşası ilə Tehrandan festivaldan qayıtdı. Onların festivalda uğurlu çıxışı məni fərəhləndirdi. Vaxtilə biz bunu arzu kimi yaşayırdıq, indi isə xaricdə çıxış etmək artıq adiləşib.

- İndikindən uzaq olsun zəhərlənmişdiniz... Hazırda səhhətinizdə bir problem yoxdur ki?

- Şükür Allaha indi yaxşıyam. Bir az soyuq dəymişdi, yenicə sağalmışam.

- Teatrın səhnəsində hədsiz gözəl rollar yaratmısınız. Necə düşünürsünüz, əvvəlki tamaşalar ilə indiki tamaşalar arasında nə kimi fərq var?

- İndi artıq hər şey sürətlə inkişaf edir, 5, 6 aya hazırlanan tamaşalar bu gün 1 aya hazırlanır. Sürətlə getməyi bacarmalısan ki, geridə qalmayasan. İnternet dövrü olduğuna görə hər şey ritmlə inkişaf edir. Biz əvvəl kitab oxuyurduq, indi isə tamaşaçılar hər şeydən internet vasitəsilə xəbər tuturlar. Bizim nə ixtiyarımız var ki, tamaşaçılardan geridə qalaq? Bizdə də hələ ki, ritm gedir. Bu gün bizim üçün şərait yaradılır, amma vaxtilə belə deyildi. Mən gənclərə daha çox diqqətin göstərilməsinin tərəfdarıyam. Arzu edirəm ki, onların maaşı artırılsın və əlavə olaraq heç bir yana getməyə ehtiyac qalmasın. Bugünkü gündə ortabab sənətkar heç kimə lazım deyil.

- Bu gün teatrda təqaüdə çıxmış aktyor və aktrisaların yerini kimlər tutacaq? Varmı belə gənclər?

- Teatrımızda əsas məsuliyyət gənclərin üzərində düşür, belə ki, onlar hər gün tamaşanın məşqləri ilə məşğuldurlar. Direktorumuz İsrafil İsrafilovun qeyd etdiyi kimi, gənclər üçün bu günə kimi bu cür münasibət olmayıb. Hər şey birdən-birə əmələ gəlmir, onlar hələ bərkdən-boşdan çıxacaqlar. Bizim teatrda çalışan gənclərin içərisində çox istedadlıları, orta səviyyəli olanları var. Onlar hələ müxtəlif janrlı əsərlərdə oynamalıdırlar. Teatrımızda vaxtilə Səməndər Rzayev, Hamlet Qurbanov, Vəfa Fətullayeva və s. kimi gənclər çalışıblar, indi onlar həyatda yoxdurlar. 60, 70-ci illər bir aktyor axını idi gəldi və getdi. Onların yeri bu gün görünür. Biz də gənc olmuşuq, səhvlərimiz olub, əsas odur ki, səhvi bilib ona uyğun hərəkət edəsən. Mən teatrımızda olan istedadlı gənclərin qarşısında baş əyirəm. İstedadlı, istedadsız olmaq yaşla ölçülmür. Ola bilər ki, yaşlı sənətkar olasan, istedadın olmasın.

- Rafiq müəllim, bu gün müasir dublyaj işi sizi qane edirmi?

- Mən, ilk növbədə, tamaşaçıların fikrini sizə demək istərdim. Onlarla ünsiyyətdə olan zaman əvvəlki dublyaj ilə indiki dublyaj arasında çox inkişaf olduğunu mənə söyləyirlər. Biz o vaxt dublyajı kinostudiyada edirdik. Dublyaj edən aktyoru da filmdə oynayan aktyora uyğun seçirdilər. 5, 6 aktyorla bir böyük filmi dublyaj etmək olmaz. Amma indi edirlər, ona görə eyni səslər adamı bezdirir. Onlarda da imkan yoxdur ki, bu gün 50 nəfər aktyoru dublyaj üçün saxlayıb hamısına pul ödəsinlər. Efirin təqdimatı genişdir, təqdimat elə olmalıdır ki, giley-güzar olmasın. Tamaşaçı sənət əsərinə baxanda fikirləşmir ki, bu filmə pul az xərclənib, ya çox. Bunun tamaşaçıya heç bir adiyyatı yoxdur. O, hazır iş görmək istəyir.

- Rafiq Əzimov niyə seriallarda görünmür? Özünüz istəmirsiniz, yoxsa başqa bir səbəb?

- Tamaşaçılarla görüşərkən mənə verdikləri suallardan biri də bu olur: "Rafiq müəllim, hanı o filmlər?" Mən də heç vaxt çalışmıram ki, acı sözlərlə söhbətə başlayım. Deyirəm ki, biz məgər cavan olmamışıq? Bizi də rejissorlar axtarıb tapıblar, rollarımız olub, çəkilmişik və tanınmışıq. Bunlar da getdikcə daha yaxşı olacaqlar. İlk növbədə, dramaturji material olmalıdır. Nə qədər ki, şou-biznes deyilən anlayış var, bu, tamaşaçını geridə qoyacaq. Seriallarımız bu gün primitiv şəkildə tamaşaçıya təqdim olunur. Rejissor, aktyor tamaşaçını inandırmalıdır. Mən heç heyfslənmirəm ki, bugünkü seriallarda niyə yoxam... İstərdim elə bir serialda çəkilim ki, baxanda özüm də xəcalət çəkməyim. Bu yaşımda durub xırda-para işlərlə məşğul olub, nüfuzumu 1 dənə "nimdaş" seriala qurban vermərəm.

- Mən serial çəksəydim sizi çağırardım. Elə bir tək sizə görə serial reytinq qazanardı...

- Rejissorun düşüncəsi də axı olmalıdır. İndi siz bu cür fikirləşirsiniz. Ola bilər ki, mən rejissorların fikrində geridə qalmış insanam. Baxmayaraq ki, mən qazanc əldə edəcəyəm, amma o seriallarda çəkilib peşimançılıq çəkmərəm.

- "Yeddi oğul istərəm" filmində çəkilmisiniz. Filmdəki qardaşlarınız ilə tez-tez görüşürsünüz?

- 7 oğuldan mən, Şeyx Əbdül və Ənvər Həsənov həyatda yaşayır. Sonuncu dəfə onlarla "Buta" filminin təqdimat mərasimində görüşmüşəm. Mən o filmdən olan şəkili böyütdürüb, qapının üstündən asmışam. Hər gün onlarla görüşürəm...

- Ömrünüzün 75-ci ilində özünüzə nə arzu edirsiniz?

- Özümə, ilk növbədə, can sağlığı, uzun ömür arzu edirəm. Hələ görüləcək işlər qarşıdadır. Allah uzun ömür versin, teatrımızdakı inkişafı görüm. Mənim əmək kitabçam yalnız bu teatrda açılıb. 140 illik tarixi olan teatrda 50 illik stajım var. "Gəncə qapıları" tamaşasında mənim 2 yerdə çıxışım var ki, ağsaqqal səhnəyə çıxır və ibrətamiz sözlər söyləyir. O gün tamaşa bitəndən sonra bir qız səhnəyə yaxınlaşıb, böyük bir gül buketini mənə təqdim etdi. Aktyor üçün bundan gözəl nə ola bilər?

- Maşallah, 75 yaşı sizə heç vermək olmur...

- Oğlum, sizin neçə yaşınız var?

- 20.

- Maşallah, yaşınıza görə çox bilirsiniz (gülür). Siz də, İnşallah, mənim yaşıma çatarsınız. Bilirsiniz, məndə paxıllıq yoxdur, heç kimin malında gözüm olmayıb. Paxıllığı olanlar özü-özünə əzab verir, öz içini yeyir. Pislik etməklə aram yoxdur, çalışıram həmişə yaxşılıq edim. Pislik etsəm, o gecə yata bilmərəm, bu, mənə əzab verər. İnsan gərək yaxşı əməllərlə məşğul olsun, o zaman sən yadda qalacaqsan.

- Sənətkarın arzusu tükənməzdir. Ürəyinizdə nə kimi arzularınız var?

- Arzu etdiklərim həyata keçməyəndə hamı kimi mən də naümid oluram. Ona görə arzularımı hələ demək istəmirəm (gülür). Hazırda 3 nəfərlik bir əsər var, onu tərcüməyə veriblər. Əgər alınsa, bu əsəri bizim üçün tamaşaya hazırlayacaqlar. Bu iş də böyük rejissor tələb edir. Rejissordan çox şey asılıdır... Mən bundan sonra elə əsərlərdə oynamalıyam ki, tamaşaçını düşündürə bilim. Buna həm tamaşaçının, həm də mənim ehtiyacım var. Mən belə rolların acıyam, bu cür rollara görə dəridən, qabıqdan çıxmağa hazıram. Hələ ki, özümdə o qüvvəni hiss edirəm.

- Müasir dövrlə ayaqlaşıb internetdən istifadə etməyi bacarırsınız?

- Hazırda yeni binaya köçmək ərəfəsindəyəm. Ona görə, hələ ki, internet məsələsinə bir o qədər də vaxt ayıra bilməmişəm. Amma oğullarım bu işdə mənə dəqiq məlumat verirlər. Onlar hətta internetdə mənim üçün xüsusi səhifə də açıblar. Bu səhifədə sonuncu dəfə çəkildiyim "Buta", habelə mənim bütün filmlərimdən məlumatlar, şəkillər var. Mən "Buta" filminə 2 il bundan öncə çəkilmişəm. Qeyd edim ki, filmin rejissoru İlqar Nəcəf bu rolda yalnız məni gördüyünü qeyd etmişdi. Filmdəki rolum qoca bir dəyirmançı obrazıdır. Kino belədir ki, çəkilir və tarixdə qalır. Mən ilk dəfə filmə 1969-cu ildə Leninqradda çəkilmişəm. SSRİ xalq artistləri Lüdmila Qurçenko, Aleksandr Demyanenko kimi sənətkarlarla bir filmdə çəkilmək mənim yaşda olan gənc aktyor üçün o zaman böyük uğur idi.

- Şəxsi həyatınızdan nə danışa bilərsiniz? Yəqin ki, artıq nəvə-nəticə sahibi olmusunuz.

- 2 oğlum, 4 nəvəm var. Yox, hələ ki, nəticə sahibi olmamışam. Dünən nəvəm zəng edib ki, baba bu gün 5 dənə "5" almışam. Bunların hər dəfə mənə bu xəbəri verməsi bizim evdə artıq bayramdır (gülür). Baba üçün bu, çox sevindirici haldır. Böyük nəvəmin 24 yaşı var, İnşallah, qismət olsa, bu il toyunu etməyi planlaşdırırıq (gülür). Həyatımın ləzzəti onlardadır, mən bu gün həyatımı ancaq onlara həsr etmişəm.

- Sonda istərdim siz sevənlərə, tamaşaçılarınıza ürək sözlərinizi deyəsiniz...

- Mən tamaşaçılarıma onu arzu edirəm ki, onlar teatra daxil olanda məni tamaşalarda görsünlər. Tamaşaçılar qarşısında baş əyəndə o biri aktyorlar kimi məni də alqışlasınlar. Sizə isə dərin təşəkkürlər edirəm. Allah sizi qorusun.