Yeni kinolarımızın keyfiyyəti haqqında Day.Az представляет новость на азербайджанском языке. 

Son vaxtlar istər KİV, istərsə də sosial şəbəkələrdə gen-bol reklam olunan Azərbaycan kinosunun yeni əsəri olan "Çölçü" tammetrajlı bədii filmi tamaşaçı ümidlərini doğrultmadı. Təəssüflər olsun ki, filmin bu günlərdə "Nizami" Kino Mərkəzindəki təqdimatı tam uğursuzluqla yadda qaldı.

Ümumiyyətlə, Azərbaycan mədəniyyəti, o cümlədən kino sənəti haqqında söz düşərkən, hamımız şanlı keçmişin geri qayıtmasını arzulayır, kinomuzun təəssübünü çəkirik. Lakin son ekran əsəri zövqümüzü oxşamaq bir yana qalsın, adama puç olan ümidlərin acısını, filmə çəkilən dövlət xərclərinin boş yerə havaya sovrulmasının heyfini yaşadır. Şəxsən mən yaradıcı insan kimi filmin yaradıcı heyətini özümə həmkar bildiyim üçün çəkdikləri bu qədər zəhmətdən sonra qınamaq istəmirəm. Odur ki, burada hər hansı ad çəkmədən sırf sənətkarlıq məsələlərindən söhbət açacağam.

Əsaslı təmirdən yenicə çıxmış "Nizami" Kino Mərkəzinin böyük salonu əsasən kino əhlilə, tənqidçi və jurnalistlərlə, bir də dəvətnamə ilə gələnlərlə ağzınadək dolmuşdu. Məlum oldu ki, təqdimat sırf ictimai baxış kimi düşünüldüyü üçün bilet satışı nəzərdə tutulmamışdı. Qonşu sıradakı bir tələbə qız bu barədə "elə belə yaxşıdır, camaat kinoteatra daha çox gedər. Şəxsən mənim fikrimcə, bununla mən də mədəniyyətimizin inkişafına kömək etmiş oluram" deyə fikir bildirdi.

Əslində isə məsələ daha mürəkkəb və ciddidir. Azərbaycan kinosuna marağın olmaması gerçəkliyini və eyni zamanda çoxlarının müftə həvəskarı olduğunu yaxşı dərk edən təşkilatçılar çox risqə getmədən izdihamlı salon görüntüsü ilə göz və könül oxşamaq istədilər. Lakin onlar əsrlərin sınağından keçmiş belə bir həqiqəti unudublar ki, tamaşaçını aldatmaq mümkün deyil.

Nə isə. Filmin təqdimatından əvvəl səhnəyə çıxan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev yaradıcı heyət barəsində xoş sözlər söyləyərək burada keçirilən tədbirin 2013-cü ilin ilk kino premyerası olduğunu qeyd etdi. Sonra tamaşaçılara çəkiliş qrupunun üzvləri təqdim olundu.

Budur, ilk kadrlar görünür, kəskin süjet vəd edən təlatümlü musiqi səslənir. Lakin 15-20 dəqiqədən sonra az-çox səriştəli tamaşaçılar ümidlərini üzdülər. Yəni bu filmdən nəsə gözləməyə dəyməz. Demək olar, səssiz-səmirsiz filmdə "NatGeo"sayağı çöl səhnələrilə tamaşaçı bezdirilir, baş qəhrəmanlardan çox kadrda dəvələr görünür. Kasad süjet Ulu adlı çöl adamı ilə bir komada yaşayan, onun nəyi olduğu müəmmalı qalan, adı belə məlum olmayan oğlan uşağının təsvirilə başlayır. Yeknəsəq süjetdən cana doyan tamaşaçı yenə də səbr edib hadisələrin canlanmasını, hansısa dramaturji xəttin üzə çıxmasını gözləyir. Nəhayət, həmin uşağın növbəti dəfə kiçik işini görmək üçün komanın arxasına keçib yetkin gənc olaraq qayıtması salonda ilk gülüşə səbəb olur. Özü də hamıdan çox gülən bayaq Azərbaycan mədəniyyətinə kömək etmək arzusunu bildirən qızdı.

Ulu vəfat edir. Bundan xəbər tutan gənc sükunəti pozmadan cəsədi yuyulmaq üçün məscidə aparır. Bu hadisə bir qədər üstüörtülü təsvir olunsa da, tamaşaçıda mənfi hisslər oyadır. Mərhumu dəfn edirlər, qəbir üstündə mollanın uzun-uzadı dua oxuması tamaşaçının səbrini daha bir sınağa çəkir.

Nəhayət, baş qəhrəmanın həyatında bir qadın peyda olur. Elə bu da sən demə, filmin dönüş nöqtəsi imiş. Belə ki, qəhrəman evinin həyətindəki samanlıqda məşuqundan hamilə qalan və buna görə də onun tərəfindən incidilərək hədə-qorxularından qaçıb burada gizlənmiş gənc bir xanımı görür. Qəşəng baldırlarını göstərən qısa ətəkli bu qız ömründə qadın üzü görməyən, yalnız taxtadan qadın heykəli yonmaqla arzularını büruzə verən bu zahidi başdan çıxaracaq bir əhvalatdır.

Qadın evin işlərini əlinə alır. Çölçü ilk vaxtlar ona məhəl qoymasa da, zaman onun iradəsini sındırır. Çox gülünc bir epizodda hər ikisi paltar ipləri arasında çılpaq dururlar, qız onun üstünə su tökür, çölçü də uşaqlıqda Uludan eşitdiyi bir nağılı ona danışır. Növbəti epizodda isə baş qəhrəman ibtidai insan kimi nərə çəkərək sevincək çölə tərəf cumur.

Daha sonra hər iki qəhrəmanın qızın keçmiş məşuqu ilə görüşünü təsvir edən çox bayağı bir parça görürük. Belə ki, onu tərk etmiş qadından heyfini çıxmağa can atan məşuq bir dəstə yoldaşı ilə haqq-hesaba gəlir, amma qadın tüfəngdən atəş açıb onları ürküdür. Və səhər açılır...

Ekranda titr görünən kimi tamaşaçıların bir qismi salonu tərk etməyə başladı, bəziləri isə sanki hələ də nəsə gözləyərək ləngiyirdilər. Görünür, gördükləri bu masqaranın ölkədə ilk təqdimatı olduğuna baxmayaraq, nazir müavininin sözlərinə görə artıq bir neçə beynəlxalq festivallarda nümayiş olunan Azərbaycan kino əsəri olduğuna inana bilmirdilər. Görəsən, bu filmin xaricdə göstərilməsi Azərbaycanı tanıtmaq baxımından nə dərəcədə düzgündür? Xarici tamaşaçı buradan nələr əxz edib? Filmdəki rejissor fikri nədən ibarətdir?

Tamaşaçılardan biri təəssüflə, amma haqlı olaraq "bu, Azərbaycan kinosunun iflasıdır" ifadəsini işlətdi.

Yəqin bu filmlə bağlı yeganə müsbət məqam bizi düşündürməsidir. Özü də filmdə qaldırılan problem üzərində yox, ölkəmizdə kino düşüncəsinin, təfəkkürünün kasadlığı haqqında. Bir də hamımızı "Onu bağışlamaq olarmı", "Ulduz", "Bəxtiyar", "Dərviş Parisi partladır", "Sehrli xalat", "Bir cənub şəhərində", "Təhminə", "Tütək səsi", "Qaynana", "Bəxt üzüyü", "Yuxu" və bir çox başqa sevimli sənət əsərlərini nisgillə xatırlamağa sövq etməsi.

Çox güman ki, filmin yaradıcıları süjetin sadəliyi, rəvanlığı, bir qədər də açıq-saçıqlığı vasitəsilə uğur qazanmağı düşünürmüşlər. Amma bacarmadılar...

/kaspi.az/