Əlibaba Məmmədov: "O adam başdan ayağa musiqidir"

Day.Az представляет интервью на азербайджанском языке.

Onu Azərbaycanın muğam sənətinin sonuncu mogikanı da saya bilərik. Çünki azacıq araşdırsaq, görərik ki, hazırda muğam ifaçıları arasında onunla yaşıd olan ikinci bir sənətkar yoxdur. 85 yaşı olmasına rəğmən yenə də yaşayıb yaratmaq istəyi var ustadın. Beləliklə, Milli.Az tanınmış muğam ustadı, xalq artisti Əlibaba Məmmədovla müsahibəni təqdim edir.


- Əlibaba müəllim, necəsiniz?

- Sağ olasınız, yaxşıyam.


- Bağdasınız, yoxsa şəhərdə?

- Şəhərdəyəm, bağa gedə bilmirəm. Hava babat olanda çıxıb bulvarı gəzirəm.


- Bulvara yaxın yaşayırsınız?

- Səkkizinci mikrorayonda yaşayıram, maşınla gedib gəlirəm.


- Səhhətiniz, sağlamlığınız necədir?

- 85 yaşlı kişinin sağlamlığını soruşmazlar ki...


- Allah ömrünüzü uzun eləsin. Amma ruh məsələsi var da.

- Ruh hələ yerindədir. Amma fiziki olmur da.


- Həmkarlardan kimlərlə gündəlik ünsiyyətiniz var?

- Elə bir ünsiyyətim yoxdur. Sentyabrın 15-də konservatoriyanın açılmağını gözləyirəm.


- Siz hələ də dərs keçirsiniz orada?

- Bəli, hələ də dərs deyə bilirəm.


- Maşallah. Neçə ildir dərs deyirsiniz?

- Ümumiyyətlə, dərs deməyim əlli ildir.


- Əlibaba müəllim, kimə qulaq asanda Azərbaycan muğamı haqda bütün təsəvvürün formalaşa bilər?

- Bir adama qulaq asmaqla Azərbaycan muğamı haqda təsəvvürün formalaşa bilməz, mümkün deyil. Xanəndəlik tamam başqadır. Hər boğazda bir şirinlik var, hər xanəndə qüvvəsi çatan qədər öyrənə bilir.


- Amma lap bəyənib dinlədikləriniz var yəqin ki.

- Ehtiramı müsabiqədən bəri çox istəyirəm. Amma Təyyar Bayramov, Babək Niftəliyev, İlkin Əhmədov da yaxşıdırlar. Ümumiyyətlə, indi bazamız böyükdür. Bu barədə korluq çəkməyəcəyik.


- Sənətkarlar deyirlər ki, heç vaxt muğamımıza bu qədər diqqət olmayıb. Bu qədər diqqət və qayğının müqabilində Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Alim Qasımov səviyyəsində sənətkarlarımız yetişəcəkmi?

- Xan Şuşinski, Seyid Şuşinski, Zülfi Adıgözəlov, Mütəllim rəhmətə gedəndə fikirləşirdik ki, muğam öldü. Amma belə deyil. Xan getdi, Yaqub Məmmədov, Arif Babayev gəldi, Zülfi getdi, Əlibaba, Əbülfət Əliyev, Hacıbaba Hüseynov gəldi. Hər gedənin dalınca kimsə gəlir. Azərbaycan xalqı çox istedadlıdır. Muğam isə bizim qanımızdadır. Bütün dünya xalqları bunu qəbul elədilər ki, muğam bütün musiqilərin tacıdır.


- Bir ara Babək Niftəliyevdən incimişdiniz. Barışdınızmı?

- Babəkin xətrini çox istəyirəm. O, bizim cavanların içərisində ən gözəl səsdir. Bir çatışmayan cəhəti var ki, öz üzərində işləmir.


- Hətta mənə verdiyiniz müsahibələrin birində onu Xan Şuşinski ilə müqayisə etmişdiniz.

- Bəli, bəli. Onu görəndə dedim ki, bizim ikinci Xanımız gəldi. Axır vaxtlar bir toya düşdük. Çağırdım yanıma, danladım. Dedim ki, Allaha şükür, evin var, maşının var. Biz bir maşın almaq üçün 100-200 manat arxaya atırdıq ki, 10 min düzəldək.


- Siqaret də çəkirdi?

- Yox, elə şeylərdən uzaqdır. Amma ova gedir, öz kefindədir.


- Bəs onda niyə narazısınız ki?

- Bir var musiqiyə bağlı olasan, onu ürəkdən sevəsən. Əgər musiqiyə pul və şöhrət üçün gəldinsə, sənətkar ola bilməzsən. Xanəndənin kefi kök olmalıdır ki, yaxşı oxusun. Amma sənətini hər şeydən, hətta ailəndən də üstün tutmalısan. Mənim səsim xarab olan günü yoldaşımın da uşaqların da qanı qara olurdu. Yoldaşım uşaqların üstünə qışqırırdı ki, səs eləməyin, imkan verin yatsın, yorğundur. Bizim evimizdə sənət var idi.


- Bir dəfə də canlı yayımda Ehtiramı danlamışdınız.

- Hə danlamışam. Özləri də incimirlər. Bilirlər ki, qərəzli danlamıram heç vaxt.


- Orta nəsildə ən çox bəyəndiyiniz Alim Qasımovdur bildiyimə görə.

- Alim mən bəyəndiyim deyil e, dünyanın bəyəndiyidir. Onu indi yox, 30 il əvvəl Asəf Zeynallı adına musiqi texnikumuna götürəndə bəyənmişəm. Onu mən tapmışam. O adam mənə pərəstiş elədiyinə görə sinfimdə oxumaq istəyirdi. İndinin özündə məni elə yamsılayır ki, məəttəl qalıram. Allah ona elə bir səs verib ki, ikinci elə səs yoxdur. 30-35 ildə bir dəfə xaric oxumayıb. İstər oturan yerdə, istər ayaq üstə oxusun, o adam başdan ayağa musiqidir.


- Yeri gəlmişkən, Alim Qasımov yerdə oturub oxumağa başladığı ilk illərdə çoxları onu tənqid elədilər. Həmin sənətkarların arasında siz də var idiniz?

- Gördüm ki arada ingilislərlə estrada oxuyur. Gitara çalan öz dilində, Alim də öz dilimizdə muğam oxuyur. Bunu xoşlamadım deyə bir az danladım ki, tar-kamançadan ayrılma. Sənin səsin tar-kamança səsidir. O da mənim sözümə baxdı. Alimi dünyalar qədər istəyirəm. Allah-təala bir insana həm sənət, həm də insanlıq verib. Adam var yaxşı sənətkardır, amma yaxşı adam deyil. 30 il əvvəlki kimi indi də dərsimə gəlir, uşaqların yanında oturur. Deyirəm gəl, yanımda otur. Deyir, əmi, buradan yaxşı görürəm səni. Allah onu qorusun. O, bizim musiqimizin tacıdır. 55-56 yaşı var, yenə də işləyir. Babək niyə baxıb ondan öyrənmir? İndi nə öyrəndinsə, öyrəndin. 50-60 yaşda öyrənə bilməyəcəksən.


- Muğamda yaş nə dərəcədə önəmlidir? Məsələn, hansı yaşdan sonra sənətkar üçün oxumaq çətin olur?

- Xan əmi deyərdi ki, xanəndə 20-30 yaş arası öyrənir, 30-dan 50-yə kimi, sözün əsl mənasında, oxuyur. Yəni onun qarşısında dayanmaq mümkün deyil. 50-dən sonra yola verir.


- Alim Qasımov da 50 yaşı keib. Deyirsiniz yola verir yəni?

- Düzünə qalsa, o indi 25 yaşındakı kimi oxuya bilməz. Bu yaxınlarda mənə zəng eləmişdi ki, qızımla "Nəvab" muğamını təkmilləşdiririk. Səs yazısını göndərdi. İki dəfə qulaq asdım gördüm ki, çox böyük əziyyət çəkiblər. Amma camaat bunu çox çətin qəbul edəcək.


- Əlibaba müəllim, istərdim bir məsələyə də aydınlıq gətirəsiniz. Bildiyimə görə, muğam aləmində "əmi" statusu olan bir nəfər var hazırda, o da sizsiniz. Düzdür?

- İndi mənə də əmi deyirlər. Bu vaxta qədər Cabbar əmi, sonra Xan əmi, ondan sonra da mən olmuşam. Amma heç kimə deməmişəm ki, mənə əmi deyin.


- Sözümün canı bilirsiniz nədir? Axı Teymur Mustafayev də "əmi" statusu daşıyır...

- (Gülür) Teymur özü-özünə sonradan əmi dedi. Məndən bir dəfə bu məsələyə münasibət soruşdular. Dedim ki, qardaşı, qardaşı uşaqları varsa, əmi deyəcəklər, dayı deməyəcəklər ki...


- Əlibaba müəllim, yenə də oxuyursunuz, yoxsa ancaq pedaqoji fəaliyyətlə məşğulsunuz?

- Sənətim oxumaqdır. Müəllimlik edirəmsə, oxumalıyam. Heç bir tar, yaxud kamança ifaçısı xanəndə yetişdirə bilməz. Xanəndəni ancaq xanəndə yetişdirə bilər. Qurban Pirimov, Bəhram Mansurov, Hacı Məmmədov, Əhsən Dadaşovdan böyük tar ifaçılarımız olmayıb. Amma xanəndə yetişdirə bilməyiblər. Deməyim odur ki, dərs deyirəmsə, deməli, zildən olmasa da, düzgün oxuya bilirəm. Muğamda məni heç kim aldada bilməz. Mən muğam bilicisiyəm. Nə qədər canım sağdır, öyrədəcəyəm. Bəzi adamlar tələbələrinə bildiklərini tam öyrətmirlər. Amma mən tələbənin qulağından tutub deyirəm ki, gəl otur burada. Bir ağız oxu, amma düz oxu (gülür).