İran və özbək musiqiçiləri Şəkidə maraqla qarşılandı - FOTOLAR
Day.Az представляет новость на азербайджанском языке.
İran musiqiçiləri ustad dərsi keçib, özbək musiqiçiləri konsert proqramı ilə çıxış edib.
Avqustun 23-də Şəkidə keçirilən "Nağara-2015" Beynəlxalq Zərb Alətləri Festivalı çərçivəsində "Yuxarı Karvansaray" mehmanxana kompleksinin həyətində İran İslam Respublikasının "Lian" folklor qrupu musiqisevərlər üçün ustad dərsi keçirib.
Day.Az-ın məlumatına görə, tədbiri festivalın təşkilatçılarından biri olan "Natiq ritm" qrupunun rəhbəri, Əməkdar Artist Natiq Şirinov açaraq ölkəmizdə, eləcə də Qafqazda ilk dəfə keçirilən beynəlxalq zərb alətləri festivalının milli musiqimizin təbliği baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Bildirilib ki, 1993-cü ildə yaradılan "Lian" musiqi qrupu İranın ən tanınmış folklor qruplarından biridir. Kollektiv ABŞ, Fransa, Xorvatiya, İsveçrə, İtaliya və Bolqarıstanda keçirilən beynəlxalq festivallarda və tədbirlərdə iştirak edib. Qrupun üzvləri dəfələrlə beynəlxalq festivalların mükafatlarına layiq görülüblər.
Ustad dərsi zamanı qrupun üzvləri tamaşaçılara ifa etdikləri musiqi alətləri və ritmlər barədə ətraflı məlumat veriblər.
Musiqi qrupunun təqdim etdiyi kompozisiyalar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Şəkidə keçirilən "Nağara-2015" Beynəlxalq Zərb Alətləri Festivalı çərçivəsində keçirilən festivalda axşam saatlarında Özbəkistanın "Abbos" qrupunun da konserti olub.
Yay teatrında keçirilən konsertdə tədbirə dəvət olunan qonaqlar, şəhər ictimaiyyətinin nümayəndələri və musiqisevərlər iştirak ediblər.
Konsertdən əvvəl məlumat verilib ki, "Abbos" qrupu 1998-ci ildə Özbəkistanın xalq artisti, milli zərb alətlərinin peşəkar ifaçısı Abbos Kasimov tərəfindən yaradılıb. Qrup ənənəvi musiqi alətləri olan karnay, surnay, doyra və nağara ifaçılarından ibarətdir.
"Abbos" bu alətləri estrada üslubunda ifa edən ilk musiqi qruplarından biridir. Qrup karnay və surnay alətlərində müxtəlif xalqların ritmlərini, musiqi kompozisiyalarını yüksək peşəkarlıqla ifa etməklə bütün dünyada məşhurlaşıb. Bu kompozisiyaların sırasına "Boney-M", "Modern talking" kimi qrupların, həmçinin Maykl Ceksonun, Latın Amerikası, rus, qazax, qırğız və tacik ifaçılarının mahnıları daxildir.
Qrupun üzvləri dünyanın bir sıra ölkələrində, o cümlədən ABŞ, Fransa, İngiltərə, Almaniya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Honkonq, Tayvanda qastrol səfərlərində olublar və öz ifaları ilə tamaşaçıları təəccübləndirməyi bacarıblar.
"Abbos" qrupunun üzvlərinin Şəki musiqisevərlərinə təqdim etdikləri şux və oynaq ritm-kompozisiyalardan ibarət konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.
Şəkilləri böyütmək üçün klikləyin:














Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре