Şəkidə bu dəfə iranlılar oxudu, özbəklər ustad dərsi keçdi - FOTOLAR
Day.Az представляет новость на азербайджанском языке.
"Nağara-2015" festivalında növbəti ustad dərs "Abbos" qrupu tərəfindən təqdim olunub, İranın "Lian" musiqi qrupunun çıxışı maraqla qarşılanıb.
Şəkidə keçirilən "Nağara-2015" Beynəlxalq Zərb Alətləri Festivalı çərçivəsində avqustun 24-də "Yuxarı Karvansaray" mehmanxana kompleksinin həyətində Özbəkistanın "Abbos" musiqi qrupunun rəhbəri Abbos Kasimov doyra (dəf) zərb alətindən ustad dərsi keçib.
Day.Az-ın məlumatına görə, tədbiri festivalın ideya müəllifi, "Natiq ritm" qrupunun rəhbəri, Əməkdar Artist Natiq Şirinov açaraq "Abbos" qrupunun fəaliyyəti barədə qısa məlumat verib. Bildirilib ki, qrup 1998-ci ildə Özbəkistanın Xalq Artisti, milli zərb alətlərinin mahir ifaçısı Abbos Kasimov tərəfindən yaradılıb. Qrupun üzvləri ənənəvi musiqi alətləri olan karnay, surnay, doyra və nağara ifaçılarından ibarətdir. "Abbos" bu alətləri estrada üslubunda ifa edən ilk musiqi qruplarından biridir.
Sonra qrupun rəhbəri tamaşaçılara doyra musiqi alətinin hazırlanması, ifa texnikası və ritmlər barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Özbəkistan milli musiqisində yüzə yaxın ritm növü var.
Ustad dərs zamanı Abbos Kasimov ritm kompozisiyalarını nümayiş etdirməklə yanaşı, tamaşaçıların çoxsaylı suallarını da cavablandırıb.
Qeyd edək ki, elə həmin gün Şəkidə uğurla davam edən "Nağara-2015" Beynəlxalq Zərb Alətləri Festivalının üçüncü günü, axşam Yay teatrında tamaşaçılara İranın "Lian" folklor musiqi qrupunun mahnı və ritm kompozisiyalarından ibarət rəngarəng konsert proqramı təqdim olunub.
Konsertdən əvvəl tamaşaçılara qrupun fəaliyyəti və qazandığı uğurlar barədə məlumat verilib. Bildirilib ki, "Lian" qrupu 1993-cü ildə Mohsen Şarifianın rəhbərliyi altında İranın Buşehr şəhərində fəaliyyətə başlayıb. "Lian" bu gün İranın ən tanınmış folklor qruplarından biri hesab olunur. Kollektiv dəfələrlə ABŞ, Fransa, Xorvatiya, İsveçrə, İtaliya, Bolqarıstan və digər ölkələrdə keçirilən beynəlxalq festivallarda iştirak edib. Qrup "ney-anban" musiqi alətində ən yaxşı ifaya görə 7 dəfə, ən yaxşı muğam ifasına görə 3 dəfə və zərb alətlərində ən yaxşı ifaya görə 3 dəfə yerli və beynəlxalq festivalların mükafatlarına layiq görülüb.
Şəkilləri böyütmək üçün klikləyin:












Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре