Türkiyənin "İstanbul Harem" və "Natiq" ritm qrupları Şəkidə - FOTOLAR

Day.Az представляет новость на азербайджанском языке.

Türkiyənin "İstanbul Harem" qrupu Şəki festivalında maraqlı konsert proqramı ilə çıxış edib, "Natiq" ritm qrupu isə ustad dərsi keçib.

Day.Az-ın məlumatına görə, Şəkidə keçirilən "Nağara-2015" Beynəlxalq Zərb Alətləri Festivalı artıq dördüncü gündür ki, musiqisevərləri, şəhərin qonaqlarını maraqlı və rəngarəng konsert proqramları ilə sevindirir.
 

Festivalın proqramına uyğun olaraq, avqustun 25-də axşam şəhərin "Yuxarıbaş" Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisindəki Yay Teatrında Türkiyənin "İstanbul Harem" qrupu maraqlı konsert proqramı ilə çıxış edib.
 

Konsertin əvvəlində məlumat verilib ki, "İstanbul Harem" ritm qrupu 2001-ci ildə peşəkar zərb ifaçısı Suat Borazan tərəfindən yaradılıb. Qrup 5 nəfərdən - Dj və 4 ritm ifaçısından ibarətdir. Qrupun üzvləri bas və zil darbukalar, tef və bendir ritm alətlərində məharətlə ifa edirlər. Qrup dəfələrlə dünyanın müxtəlif ölkələrində keçirilən festivallarda iştirak edib.
 

Bildirilib ki, indiyədək dörd albom yazdıran qrupun diskləri Türkiyədə və dünyanın 52 ölkəsində yayılıb, musiqisevərlərin rəğbətini qazanıb. Qrup son üç albomunda yerli və əcnəbi Dj-lərlə birlikdə texno musiqi janrında yeniliyə imza ataraq, darbukalar, tef və bendirlə sintezlər yaradıb.
 

"İstanbul Harem" qrupu bu gün Türkiyənin ən tanınmış sənətçilərinin albom yazılışlarında və konsert layihələrində yaxından iştirak edir.
 

Konsert zamanı Suat Borazan və "İstanbul Harem" qrupunun təqdim etdiyi rəngarəng ritm kompozisiyalarından ibarət proqram musiqisevərlərin ürəyincə olub. Qrupun çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, elə həmin avqustun 25-də "Yuxarı Karvansaray" mehmanxana kompleksinin həyətində "Natiq ritm" qrupunun rəhbəri, Əməkdar Artist Natiq Şirinov musiqisevərlərə nağara alətindən ustad dərsi keçib.
 

Əvvəlcə tamaşaçılara qrupun fəaliyyəti barədə qısa məlumat verilib. Diqqətə çatdırılıb ki, qrup 2001-ci ildə yaradılıb. "Natiq ritm" qrupu indiyədək dünyanın bir sıra ölkələrində keçirilən festival və tədbirlərdə, konsertlərdə iştirak edib, tamaşaçı rəğbəti qazanıb.
 

Ustad dərsində Natiq Şirinov musiqisevərlərə Azərbaycanın qədim zərb alətlərindən olan nağaranın yaranma tarixindən danışıb. Bildirilib ki, araşdırmalara görə, ilk nağara eramızdan 40 min əvvəl yaranıb. İlk vaxtlar nağara saxsıdan hazırlanırmış. Sonralar təkmilləşdirilərək indiki formasını alıb.
 

Sonra Natiq Şirinov nağarada etdiyi yeniliklər, milli ritmlərimiz barədə məlumat verib, qrupun digər üzvlərinin müşayiəti ilə müxtəlif ritmlər ifa edib, iştirakçıların suallarını cavablandırıb. 

Şəkilləri böyütmək üçün klikləyin: