Bakıda içməli su fırıldağı - ARAŞDIRMA
Day.Az представляет новость на азербайджанском языке:
Məsələn, "Şahdağ" suyunun yalnızca adı Şahdağdır. Suyun özü isə Sulutəpə massivində doldurulur. Çünki qabın üstündə suyun doldurulma yeri "Şamaxı şossesi-5" ünvanı göstərilir. "Sirab" və "Aquavita" suları isə Sumqayıtda doldurulur. Bu isə saxta sulardan gələn milyonların kimlərinsə cibinə axması deməkdir.
Maraqlıdır, suların adı ilə doldurulma yerinin bir-birinin əksi olduğunu aidiyyəti üzrə dövlət qurumları bilirmi?
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bununla bağlı monitorinqlər aparıldığını dedi:
"Standartda hansısa suyun öz mənbəyində doldurulub satılması kimi bir tələb yoxdur. Şərt deyil ki, "Şahdağ" suyu məhz Şahdağda doldurulsun. Ola bilər ki, həmin suyun mənbəyi Şahdağdadır. Ancaq müxtəlif vasitələrlə, çənlərlə və yaxud böyük litrli balonlarla daşınaraq Bakıda və digər rayonlarda doldurulması mümkündür. Əsas odur ki, istehsalçı istehlakçını aldatmasın. Monitorinqin nəticəsində son illər elə bir fakt aşkarlanmayıb. Amma iki il bundan qabaq "Zəm-zəm" suyu adı altında Ceyranbatan qəsəbəsi ərazisində doldurulan su aşkar olunmuşdu. Amma son iki ildə biz istehlakçını aldadan neqativ hallara rast gəlməmişik. Araşdırmamız davam edir. Əsasən də yay mövsümündə suya tələbat artdıqca biz monitorinqləri daha da gücləndiririk. Bir daha qeyd edim ki, suyun mənbəyi mütləq şəkildə üzərində ad yazılan ünvana məxsus olmalıdır. Amma biz, təbii ki, bu məsələni gündəmdə saxlamışıq və belə təkliflər var ki, içməli su ilə bağlı standarta dəyişiklik olsun. Suyun qablaşdırılması da məhz suyun mənbəyinin yaxınlığında həyata keçirilsin. Çünki bəzi mineral tərkibli sular daşınarkən, yol qət edərkən onun minerallaşma dərəcəsinin azalması müşahidə edilə bilər. Biz bunu yoxlama nəticəsində müşahidə etmişik. İçməli su ilə bağlı standartın dəyişilməsi və mənbə ilə bağlı məsələlərin həll olunması istiqamətində işçi qruplarının təklifləri var. Bu məsələləri nəzarətdə saxlayırıq".
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu sahədə böyük boşluq olduğunu dedi: "Mən ilk dəfə Azərbaycanda səkkiz adda suyun ekspertizasını keçirtdirdim. Bundan sonra mənə qarşı böyük təzyiqlər oldu. Bu işlərə aydınlıq gətirmək üçün mən əhalinin əlində olan "T.D.S tester" Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim etdim ki, bunun etalonla düzgün olub-olmadığını yoxlayın. Xahiş etdim ki, Azad İstehlakçılar Birliyi ictimai təşkilat olduğu və onun maliyyə institutları olmadığı üçün əhalini maarifləndirək. Lakin adını çəkdiyim dövlət qurumunun Təcrübə-Sınaq Mərkəzi həmin cihazdan birini Azad İstehlakçılar Birliyinə təmənnasız vermədi. Həmin mərkəzin direktoru Mahmud Qubatova sizin qəzet vasitəsi ilə deyirəm ki, bu məsələlərə aydınlıq gətirmək lazımdır. Təsadüfi deyil ki, mənim standartlaşdırma idarəsinə ünvanladığım məktubda belə bir sual var ki, 1 litri 6 manat olan su ilə litri 20 qəpik olan suyun fərqi nədir? Bu məsələlər ölkədə açıq qalıb. Heç kim sübut edə bilmir ki, bu sular adlarının yazıldığı ünvandan doldurulub, yoxsa başqa yerdən. Benzindən dəfələrlə baha olan su biznesi çox ciddi və təhlükəli bir biznesdir. Lakin Azad İstehlakçılar Birliyi cihazlar əldə edəcək. Ekspertiza aparacağam və bu məsələyə aydınlıq gətirəcəyəm".
Qurum sədri laboratoriyaların xalqın üzünə bağlı olduğunu da bildirdi: "Mən dəfələrlə "Azərsu"nun laboratoriyasına müraciət edərək demişəm ki, orada şərait yaradılsın, müstəqil mənbə olaraq Azad İstehlakçılar Birliyi kütləvi informasiya vasitələrinin köməyi ilə ekspertiza aparsın. Bizdə dövlətin əlində olan, xalqın pulu hesabına alınmış milyonlarla dəyərə malik laboratoriyalar ictimai təşkilatların və kütləvi informasiya vasitələrinin üzünə bağlıdır".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре