"Həftəbecər": Əməkdar artistin qucağındakı xalq artisti, Nazimin "məntiqi", Zaurun bığı Day.Az представляет новость на азербайджанском языке

Bu həftəni şou-biznes və mədəniyyət aləmi üçün o qədər də məhsuldar saymaq olmaz. Amma həftə xəbərsiz də ötüşmədi. Beləliklə, Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i təqdim edir.

Rəqqasə Fatimə ilk evliliyi və qızı Fidan barədə danışıb. Doğrusu, Fətəliyevanın ikinci evliliyinin nə vaxt olduğu barədə məlumatsızam, amma o, həm də bir oğul anasıdır. Dediyinə görə, kiçik yaşlarından rəqslə məşğul olub və ailə qurandan sonra sevimli peşəsindən uzaqlaşıb. Sonra əlavə edib ki, o illər barədə danışmaq istəmir.

Aparıcının hədə-qorxusundan sonra fikrini belə davam etdirib (Zarafat edirəm, hədə-qorxu olmayıb. Amma "danışmaq istəmirəm" deyib danışmaq adamda elə təəssürat yaradır): "Çox çətin vaxtlar idi. Ayrılıqdan sonra mən tərəfdən heç vaxt barışıq addımı olmayıb. Mən tanınmış olandan sonra qarşı tərəf də fikrindən yayındı. Qızımı anam böyüdüb. Onun tərbiyəsi ilə boya-başa çatıb. Atası ilə görüşmür. Artıq görüşmək belə istəmir".

Əməkdar artist Almaz Ələsgərova isə toyu məktəb adlandıranlara cavab verib. Nə dərəcədə haqlı olub-olmadığını deyə bilmərəm. Amma sənətçinin açıqlamasında razılaşdığım məqamlar var. Məsələn, Ələsgərova deyir ki, spirtli içki olan yerdə xaric oxumaq olar, onsuz da sənə qulaq asanların fikri göylərdə olur: "Toy heç vaxt məktəb ola bilməz. Böyük məktəb səhnələr və solo-konsertlərdir".

Zaur Baxşəliyevin haqda yazmağa bir az ehtiyat eləsəm də, teleaparıcının imicindəki dəyişikliyə verilən reaksiyalara reaksiyasız qalmaq mümkün deyil. Birdən elə bilərsiniz, Baxşəliyevdən yazmağım qadağan edilib. Əsla. Sadəcə, barəsində yazdığım "Zaur Baxşəliyevə açıq məktub"dan sonra çoxları ona düşmən münasibətdə olduğumu düşünüblər. Hətta Baxşəliyevin verilişi bağlananda məni təbrik edənlər də olmuşdu. Amma bu, mümkün deyil. Çünki mən peşəkar həmkarlarımla rəqabət apara bilərəm. Baxşəliyev isə mənim həmkarım deyil. İndi də keçək imic məsələsinə. Bu barədə çox yazıldı, çox deyildi. Bir oxucunun yazdıqları isə məni xeyli güldürdü. Hətta bu şərhi bəzi saytlar xəbərə çevirmişdilər: "Qaşını alıb, bığ saxlayıb". Bu iddia barədə də nəsə demək çətindir.

Müğənni Nazəninlə müsahibə götürmək istədiyimi bir neçə dəfə onun mətbuat işlərini həyata keçirən jurnalist Tahirə Məmmədqızıya çatdırmışam. Hər dəfə "hə" deyib, söz verib. Yenə də sağ olsun, xətrimə dəymək istəməyib. Etiraf edim ki, Nazənin adi halda mənim üçün o qədər də maraqlı müsahib deyil. Çünki bu xanım indinin özündə də xaric oxuyur. Amma son aylarda Təranə Qumralla aralarındakı məlum qalmaqalın gizlinlərinə aydınlıq gətirmək üçün müsahibə oxucular üçün maraqlı ola bilərdi. İndi baxıram ki, müsahibə verib. Görünür, imzamın çəkisi, yazdıqlarım və verəcəyim suallar həmkarım Tahirə Məmmədqızını və Nazənini qane etməyib. Amma müsahibə olmasa da, Nazəninin fotosunu paylaşdığı 3700 manatlıq "halal pulla qazanılmış" ayaqqabı barədə yazmışam.

Müğənni Nazim Pişyarinin bu açıqlamasına isə xeyli üzüldüm. Sənətçi açıq şəkildə hər şeyi etiraf edir ki, oğlum kiminsə qızını alıb, sonra boşasa da, olar, təki qızım xoşbəxt olsun. Bu nə məntiqdir? Daha doğrusu, bu nə məntiqsizlikdir? Sitatı oxuyun: "Bir oğlum və bir qızım var. Oğlum xaricdə magistr pilləsində oxuyur. Xaricdən bir qızın əlindən tutub gətirsə, heç bir problem yaratmaram. Çox demokratik atayam. Seçim onundur. Xanımla mən yox, oğlum yaşayacaq. Nə fərqi var - ingilis, yaxud da başqa millət? Amma qızım öz millətimizdən olana getməlidir. Oğlan belədir ki, evlənər, sonra boşanar. Qızın adı çıxar. Getdi, boşandı deyərlər".

Pişyarinin fikrindən belə çıxır ki, oğlunun gətirəcəyi qız yerdən çıxıb, boşana da bilər, adına söz çıxsa da, problem deyil.

Müğənni Xatirə İslamın son aylarda sənətiylə bağlı hansısa açıqlamasını xatırlamıram.

Bir müddət xanəndə Elnarə Abdullayeva ilə çəkişdi, ardınca aparıcı Vüsalə Kərimovayla qarşılıqlı ittihamlar... İndi də deyib ki, əri onun evində qalır. Yadınızdadırsa, sənətçi bir müddət əvvəl açıqlamasında bildirmişdi ki, həyat yoldaşı tərcüməçidir, beş min işçisi var. Bunu elə-belə xatırlatmadım. Sitatı oxuyun: "Yoldaşım mənim evimdə qalır. Ailə quranda yoldaşıma dedim ki, gəl mənim evimdə qalaq. Mən axı öz evimə öyrəşmişdim. Həm də ifaçı olduğum üçün paltarlarım, zinət əşyalarım çox idi. Yoldaşım mənimlə razılaşdı və mənim evimdə bir yerdə qaldıq, bunu problemə çevirmədik. Yoldaşımın öz evi də var idi. Amma onun otaqları balaca idi". Təsəvvür edirsiniz, Azərbaycanda bir müğənni bir neçə dil bilən sinxron tərcüməçidən daha çox qazanır, daha böyük evdə yaşayır. Yaşasın. Amma ailədaxili məsələləri qəzet səhifələrinə, saytlara, efirə daşımaq nə dərəcədə etikdir? Şəxsən mənə çox maraqlıdır, bu açıqlamadan sonra Xatirənin həyat yoldaşının reaksiyası necə olub?

Bu həftənin yaddaqalan və xoş hadisələrindən biri rəqqasə-müğənni Sevda Sanaliyevanın ana olması idi. Təbrik edirik. Bir neçə gün öncə sosial şəbəkələrdə bir foto yayıldı və ildırım sürətiylə bütün saytlar bu fotonu xəbərə çevirdilər.

Əməkdar artist Rafael İsgəndərov xalq artisti Firəngiz Mütəllimovanı qucağına almışdı. Amma bir nəfər nə Mütəllimovanı, nə də İsgəndərovu danışdırmadı ki, bu foto harada çəkilib. Dərhal hər kəs "Əməkdar artist xalq artistini qucağına aldı", "Firəngiz Mütəllimova Rafael İsgəndərovun qucağında" başlıqlarıyla fotonu saytına yerləşdirdi.

Bu həftəlik bu qədər. Növbəti həftə daha maraqlı "Həftəbecər" olacaq.