Sökülmüş plitələr yolu bağlayaraq hərəkət üçün məhdudiyyət yaradıb

Maştağa-Buzovna qəsəbələrini bir-birindən ayıran elektrik qatarlarının bir vaxtlar işlədiyi dəmir yolu xəttinin  bir neçə ay əvvəl sökülməsinə başlanıb. Dəmirlər yığışdırılsa da, daş plitələr yerində qalıb. Kilometrlərlə uzanan, böyrü üstə qalmış beton plitələr ərazidəki evlərin sakinlərinin küçəyə çıxmasına mane olur. 

Day.Az Xəzər TV-yə istinadən bildirir ki, sakinlər evlərindən çıxmaqda çətinlik çəkirlər.

Maştağa və Buzovna qəsəbələrini şəhərlə birləşdirən amma 10 ildən artıqdır ki, üzərindən elektrik qatarı keçməyən dəmir yolları 3 aydır ki, sökülüb. Daha doğrusu yolun dəmir konstruksiyaları sökülsə də, beton plitələr burada çin səddi kimi qalıb. Daşınmayan plitələr sakinlərə bir xeyli çətinlik yaradır.

Böyüklərin də tez-tez yıxılıb ayağa qalxdığı bu yollarda uşaqların hərəkəti də təhlükəlidir. Sakinlər deyir ki, 3 aydır uşaqlarımızı bu səbəbdən evdən küçəyə tək çıxmağa qoymuruq. 

Məsələ ilə bağlı  Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti ilə əlaqə saxladıq. Qurumdan məsələ ilə bağlı sabah açıqlama veriləcəyi bildirildi.