Füzuli Beynəlxalq Hava Limanı Qarabağı Azərbaycana qırılmaz şəkildə bağlayacaq

Bakını türk dünyasının mədəniyyət beşiyi olan Şuşa ilə əlaqələndirən ən önəmli layihələrdən biri olan Füzuli Hava Limanı Zəfər yolunun inşasının tamamlanması ilə Qarabağı Azərbaycanımıza, regiona və bütün dünyaya qırılmaz şəkildə bağlayacaq.

Bunu Trend-ə açıqlamasında Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.

O bildirib ki, Füzuli Hava Limanının açılışını iki qardaş ölkənin Prezidentlərinin birgə etməsi böyük önəm daşıyır: "Qarabağda 30 ildir davam edən zülm və qanunsuz işğal can Azərbaycanın öz gücü və siyasi iradəsi sayəsində qazandığı tarixi zəfərlə sona çatdı. 17 oktyabr 2020-ci il tarixdə Azərbaycanın qəhrəman əsgərləri Ermənistanın silahlı işğalçı qüvvələrini Füzulidən iti qovan kimi qovdular. İndi bölgədəki bütün millətlərin də sülh və rifahına böyük töhfə verəcək Füzuli Hava Limanı istifadəyə verildi. "Bir millət, iki dövlət" olan iki qardaş ölkənin - Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın etdiyi açılış bir daha iki qardaş ölkənin bütün dünyaya istənilən şərtdə və daim bir-birilərinin yanında olduğunu göstərdiyi üçün böyük önəm kəsb edir. Can Azərbaycanın öz torpağı olan Qarabağ layiq olduğu və həsrətlə gözlədiyi insanlarına, rifaha, sülhə və rahatlığa bu hava limanı sayəsində daha qısa zamanda qovuşacaq".

Y.Topçu onu da qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyev XXI əsrdə öz gücü, diplomatik və siyasi uğurları ilə imperialist qüvvələrin planlarını puça çıxarıb, tarixin zibil yeşiyinə atdı: "Bu hava limanının Ali Baş Komandan İlham Əliyevin tapşırığından sonra 8 ay ərzində uçuşlara hazır vəziyyətə gətirilməsi bütün dünyaya Azərbaycanın və nəcib millətinin iqtisadi qüdrətini göstərməsi baxımından da çox önəmlidir. Füzuli Beynəlxalq Hava Limanına ilk dəfə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın təyyarəsi endi və onu burada qardaşı Ali Baş Komandan İlham Əliyev qarşıladı. Bütün məzlumların səsi olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Böyük Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" sözünü, cənab Prezident İlham Əliyevə isə Ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" sözünü həyatın bütün dövrlərində yerinə yetirdikləri üçün minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Azərbaycan və Türkiyənin Vətən müharibəsində bütün dünyaya göstərdiyi birlik ruhu indi belə böyük iqtisadi layihələrlə artaraq davam edəcək".

Baş müşavir əlavə edib ki, dünya türkə düşmənlik etməyin məğlubiyyət, türklə dostluğun isə qalibiyyət gətirdiyini anlayacaq: "Bakını Türk Dünyasının mədəniyyət beşiyi olan Şuşa ilə əlaqələndirən ən önəmli layihələrdən olan Füzuli Hava Limanı Zəfər yolunun inşasının tamamlanması ilə Qarabağı Azərbaycanımıza, regiona və bütün dünyaya qırılmaz şəkildə bağlayacaq. Arzu edirəm ki, Füzuli Beynəlxalq Hava Limanı region xalqlarına və xüsusən də Azərbaycanın öz torpağı olan Qarabağa və xalqına daimi sülhün və rifahın gəlməsi üçün vəsilə olsun. Azərbaycan-Türkiyə qardaşlığı daimi, əbədi və mübarək olsun!".