Süni intellektlə bağlı bu qaydaları bilməyənlər CƏRİMƏLƏNƏCƏK
Azərbaycanda süni intellekt (Sİ) vasitəsilə hazırlanan foto və videomateriallar xüsusi qanunvericilik aktları, o cümlədən Cinayət Məcəlləsi (yeni 148-2 və 242-1-ci maddələr), "Media haqqında" və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunlarla tənzimlənir.
Qanunvericiliyə əsasən, süni intellekt texnologiyalarından istifadə edilməklə hazırlanmış foto, video və audio materiallar kütləvi şəkildə nümayiş etdirildikdə, onların Sİ vasitəsilə yaradıldığını aydın göstərən və asanlıqla görünən xüsusi nişanlanma (su nişanı/etiket) daşımalıdır. Bu tənzimləmə rəqəmsal mühitdə şəffaflığı təmin etmək, manipulyasiyaların və dezinformasiyanın qarşısını almaq məqsədi güdür.
Bir şəxsin razılığı olmadan onun görüntüsündən və ya səsindən istifadə edilərək reallığı əks etdirməyən saxta materialların (deepfake) düzəldilməsi və ya internetdə, mediada yayılması birbaşa qayda pozuntusu və cinayət məsuliyyəti sayılır. Xüsusilə, şəxsin şərəf və ləyaqətini ləkələmək məqsədilə saxta kontentlərin hazırlanması, qrup şəklində qabaqcadan əlbir olaraq bu əməlin törədilməsi və ya Sİ vasitəsilə icazəsiz pornoqrafik/seksual məzmunlu materialların yaradılması ağırlaşdırıcı hallar kimi qiymətləndirilir. Eyni zamanda, süni intellektlə hazırlanan materialların üzərində məcburi olan nişanlanmanın qoyulmaması da qanun pozuntusudur.
Qanunu pozan şəxslər üçün ciddi pul cərimələri və azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulub. Şəxsin razılığı olmadan saxta foto/video hazırlayıb yayanlar 3 000 manatdan 7 000 manatadək cərimə, 360 saatdan 480 saatadək ictimai işlər, 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Əgər bu əməl şəxsin nüfuzuna xələl gətirmək üçün mütəşəkkil qrup tərəfindən edilərsə cəza 3 ildən 5 ilədək, icazəsiz seksual xarakterli materiallar yaradılarsa 3 ildən 7 ilədək həbs cəzasına çevrilir.
Həmçinin İnzibati Xətalar Məcəlləsinin 388-3-cü maddəsinə əsasən, süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış foto, video və ya audio materialların belə hazırlandığını aydın göstərən və asanlıqla görünən nişanlanma olmadan mediada, internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılmasına görə 80 manatdan 150 manatadək cərimə tətbiq edilir. Bu maddədə nişanlanma dedikdə isə süni intellekt texnologiyasının avtomatik verdiyi və ya materiala əlavə edilən vizual, səsli və ya mətn əsaslı işarələnmə başa düşülür.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре