https://news.day.az/azerinews/1864790.html Bu hallarda evə çıxarış verilmir - DİQQƏTLİ OLUN Ev və ya mənzil alarkən ən böyük risklərdən biri əmlakın sənədlərində problem olmasıdır. Belə ki, sosial şəbəkədə yaşadığı hadisəni səsləndirən şəxs 6 ildir evinə çıxarış ala bilmədiyini iddia edib. Buna səbəb nə ola bilər?

Bu hallarda evə çıxarış verilmir - DİQQƏTLİ OLUN

Azərbaycanca, 5 октября 2026 16:52 (UTC +04:00) 243
Bu hallarda evə çıxarış verilmir

Ev və ya mənzil alarkən ən böyük risklərdən biri əmlakın sənədlərində problem olmasıdır. Belə ki, sosial şəbəkədə yaşadığı hadisəni səsləndirən şəxs 6 ildir evinə çıxarış ala bilmədiyini iddia edib. Buna səbəb nə ola bilər?

Day.Az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc deyib ki, 6 il çıxarışın əldə edilə bilməməsi ciddi bir problemin olduğunu göstərə bilər.

O, qeyd edib ki, əgər söhbət fərdi yaşayış evindən gedirsə, bu, evin qanunsuz tikili olması və qeydiyyatdan keçməməsi ilə bağlı ola bilər.

"Alqı-satqının müxtəlif vasitələrlə həyata keçirilməsi, məsələn, etibarnamə verilməsi və ya qeydiyyata alınmadan alqı-satqı edilməsi səbəbindən də müvafiq sənədlərin əldə olunması mümkün olmaya bilər. Eyni zamanda, burada kadastr və ya digər hüquqi problemlər də mövcud ola bilər.

Ola bilər ki, həmin fərdi yaşayış evinin qeydiyyata alınması ilə bağlı problem var və bu səbəbdən əmlak dövlət qeydiyyatına alınmır. Əgər söhbət binada yerləşən mənzildən gedirsə, bu, həmin binanın təhvil-təslim aktının olmaması ilə əlaqədar ola bilər. Əgər həmin binada başqa bir mənzil çıxarış alıbsa, prinsip etibarilə digər mənzilin də çıxarışla təmin olunması mümkündür. Lakin bunun üçün binanın qanunvericiliyin və müvafiq icazə mexanizmlərinin tələblərinə cavab verməsi vacibdir", - o deyib. 

V.Oruc əlavə edib ki, yəqin söhbət elə bir binadan gedir ki, həmin bina rəsmi strukturlar tərəfindən müəyyən edilmiş tələblərə cavab vermədiyi üçün onunla bağlı rəsmi təhvil-təslim aktı imzalanmayıb.

"Başqa sözlə, bina istismara qəbul edilmədiyi üçün həmin binada yerləşən mənzilə çıxarış verilməsi mümkün olmaya bilər. Məsələnin hansı bina və hansı mənzillə bağlı olduğu, eləcə də mövcud sənədlərin vəziyyəti dəqiq bilinərsə, buna daha konkret və aydın cavab vermək mümkündür.

Ümumi olaraq qeyd etmək istəyirəm ki, hüquqi sənədlər qaydasında olmadıqda, obyekt rəsmi qaydada təhvil-təslim edilmədikdə və ya qanunsuz tikili olduqda, daşınmaz əmlak dövlət qeydiyyatına alınmaya bilər. Yəni Azərbaycan Respublikasının qanunvericiliyi həmin binanın və ya fərdi yaşayış evinin qeydiyyata alınmasına imkan vermədikdə, müvafiq əmlaka çıxarış verilmir. Çünki daşınmaz əmlakın dövlət qeydiyyatı müəyyən edilmiş hüquqi və qanuni nəzarət mexanizmləri əsasında həyata keçirilir və yalnız qanunvericiliyin müəyyən etdiyi meyarlara cavab verən daşınmaz əmlak qeydiyyata alınır", - o yekunlaşdırıb.

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости