Sərnişinlərin ödəniş terminalları problemi: “Bakıkart” niyə yığışdırılıb?

Müəllif: Nuranə Tofiqli

Azərbaycanda nəqliyyat sahəsində yeniliklərin sayı artırılır. Bu məqsədlə həm sərnişinlərin, həm də sürücülərin işini asanlaşdlırmaq üçün şəhərarası marşrut avtobuslarının demək olar ki, çoxunda kart sistemi tətbiq olunub.

Lakin Bakıda əksər marşrut avtobusları kart sisteminə keçsə də, sərnişinlər başqa bir problemlə üzləşirlər.

Belə ki, paytaxtda bir çox avtobus dayanacaqlarında "Bakıkart" terminalları yığışdırılıb. Dayanacaqların əksəriyyətində nə "Bakıkart", nə də digər ödəmə terminalını tapmaq olur.

Dayanacaqlarda sözügedən ödəmə aparatları olmadığına görə sərnişinlər ya başqa bir sərnişinə 30 qəpik verib avtobusdan istifadə etməli olurlar, ya da kartın balansını artırmaq üçün "Bakıkart" ödəmə terminalı axtarmalı olurlar. Nəticədə sərnişinlər "Bakıkart"ın balansını artırmaqda çətinlik çəkirlər.

Gün ərzində avtobuslarda dəfələrlə bununla bağlı problemlər yaşanır. Son vaxtlar Bakıda xüsusilə də günün pik saatlarında bu hallara daha çox rast gəlinir.

Paytaxtda avtobus dayanacaqlarında sərnişinlərin ehtiyac duyduğu ödəmə terminalları niyə yığışdırılıb? 

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevə müraciət etsək də sualımız cavabsız qaldı.

Qeyd edək ki, daha əvvəllər paytaxtın bir sıra ərazilərində ödəmə terminallarında texniki səbəbdən problemlər yaranırdı.