KOBİA tibb sektorunun bəzi yardımçı alt sahələrinin yaradılmasında müsbət təcrübələrə sahibdir

KOBİA dəstək olaraq bir çox sahələrlə yanaşı, tibb sektorunun bəzi yardımçı alt sahələrinin yaradılmasında da müsbət təcrübələrə sahibdir.

Day.Az Trend-ə istinadən bildirir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "Tibb biznesində perspektiv imkanlar" mövzusunda keçirilən ictimai müzakirələrdə çıxışı zamanı deyib.

"Belə ki, KOBİA dövlət-özəl tərəfdaşlığı modeli əsasında "Gill Med" MMC ilə birlikdə Qobuda və Zəngilanda - Ağalı kəndində tibbi tekstil, steril cərrahi setlər və uniformaların istehsalı ilə məşğul olan müəssisənin qurulmasına dəstək göstərmişdir. Müəssisədə tibbi heyət və xəstələr üçün üst geyim və uniformalar, steril cərrahi və stomatoloji dəstlər, tibbi maska, baxil o cümlədən, tibbi xalatlar, papaqlar, pasiyent geyimləri, həkim formaları, birdəfəlik kombinezonlar və bir sıra digər tibbi tekstil məhsulları istehsal edilir.

Bu layihə nəinki biznes, həmçinin, sosial yönümlü olduğundan müəssisədə çalışan işçi heyətinin 90%-ni məhz həssas əhali qrupuna aid olan vətəndaşlar təşkil edir", - deyə O.Məmmədov əlavə edib.