İran kəşfiyyatı anti-Azərbaycan şəbəkəsini qurmaq üçün bu üsullardan istifadə edir

İran casusları - son dövrlər bu ifadəni tez-tez eşidirik. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bir neçə gün əvvəl İran casuslarına qarşı həyata keçirdiyi əməliyyatla həmin şəbəkəyə ağır zərbə vurmuş oldu. Saxlanılan şəxslərin İranın dəstəyi ilə xaricdə xüsusi təlim keçdiyi bildirilir. 

Son hadisələr Azərbaycanda İran İslam Keşikçiləri Korpusunun (SEPAH) dəstəyi ilə yaradılan "5-ci kolona" xidmət edən qrupların olduğunu bir daha sübut edir. 

Bəs Tehran həmyerlilərimizdən ibarət anti-Azərbaycan şəbəkəsini qurmaq üçün hansı təbliğat üsullarından istifadə edir? 

- Müşahidələr göstərir ki, İran kəşfiyyatı sıravi azərbaycanlıların İslam müqəddəslərinə olan sevgisindən, hörmətindən və həssaslığından çox peşəkarlıqla yararlanır. Təbliğatçılar İranı İslamın xilaskarı, müsəlmanların müdafiəçisi kimi təqdim edir.  SEPAH təbliğ edir ki, İran  dağılsa, İslam müqəddəslərinin irsi yer üzündən silinəcək. Mütləq İranı qorumalıyıq ki, İslam dəyərləri, müqəddəslərin irsi yaşasın. Dini baxımdan həssas olan bəzi insanlar isə İranda təlim görmüş şəxslərin iddialarına inanır. Bəs həqiqət necədir? İran 1979-cu ilə qədər şəriət dövləti olmayıb. İslam dini isə VII əsrdən mövcuddur və İran oldu-olmadı, onun  müqəddəslərinin dəyərləri  bütün dövrlərdə qorunub;  

- İranmeyilli şəxslər azərbaycanlılar arasında elə bir təbliğat aparırlar ki, sanki dünyanın ən ideal hakimiyyəti İrandadır. Azərbaycanda isə dövlət idarəçiliyi düzgün deyil, əhali səfalət içində yaşayır, ədalətsizlik isə pik həddədir. Bununla da cəmiyyətdə öz ölkəsinə qarşı kin yaradırlar. Əslində isə İranın özündə sosial vəziyyət heç də ürəkaçan deyil və hazırda orada ciddi iqtisadi çətinliklər mövcuddur; 

- SEPAH-ın təbliğatına uyanlar bir çox hallarda öz ölkəsinin deyil, İranın Silahlı Qüvvələri ilə fəxr edirlər.  Çünki onlara İranın ordusuna xüsusi hörmət, öz ölkəsinin müvafiq orqanlarına qarşı isə dərin nifrət aşılanıb. Əslində isə İran ordusu müasir silahlarla təchiz olunmayıb, dünyanın bir çox silahlı qüvvələrindən geri qalır. Son təlimləri buna ən yeni nümunədir; 

- İran rejimi təbliğ edir ki, Azərbaycanın bütün dövlət qurumları yalançıdır. Onların yaydığı xəbərlərə, videogörüntülərə, səs yazılarına, rəsmi sənədlərə, statistikaya inanmayın. Aşılayıblar ki, ən "düzgün" məlumatı İranın dövlət qurumları yayır, onlara inanın. Amma Tehran Bakıya qarşı yürütdüyü aqressiv siyasətlə göstərir ki, İranın bir çox dövlət qurumu şər-böhtanla məşğuldur; 

- Vətən Müharibəsi dövründə İranın ərazisindən Ermənistana silah daşınması üçün istifadə olunduğuna dair videogörüntülər yayıldığına görə Cənubi Azərbaycandakı soydaşlarımız etiraza qalxmışdı. Etiraz dalğasının böyüdüyünü görən İran rejimi Ermənistanla sərhəd-keçid məntəqəsini bağlamağa məcbur olmuşdu. Bu sadəcə Tehranın İrəvana göstərdiyi yardıma aid faktlardan biridir. Amma İranın casus şəbəkəsi təbliğ edir ki, Tehran İrəvana heç bir kömək etmir, məlumatlar medianın uydurmasıdır, görüntülər xarici kəşfiyyat orqanlarının qurmasıdır; 

- Müşahidələr göstərir ki, təsir altında olan qruplar Zəngəzur dəhlizi ilə bağlı baş verən proseslərdə Tehranı müdafiə edir və onu "zərərçəkmiş" kimi göstərməyə çalışır. Çünki xüsusi qruplar onlara hadisələri belə təbliğ edir. Həqiqət isə budur ki, İranın hay-küyü boşdur, Azərbaycanın həyata keçirdiyi layihə qonşu dövlətlərin sərhədinə heç bir təhlükə yaratmır; 
 
- Tehran uzun illər Azərbaycandakı bəzi qruplar arasında sistemli şəkildə "mollalara sevgi" təbliğatı aparıb. Bu səbəbdən, həmin şəbəkə ilə əlaqəsi olanlar öz dövlətini idarə edənlərə deyil, Tehrandakı mollalara böyük sevgi ilə yanaşırlar. Amma əslində əksi olmalıdır. Həmin şəxslər İrandakı molalara deyil, Azərbaycan rəhbərliyinə minnətdar olmalıdır. Çünki bu gün onların təhlüksizliyini İranın deyil, Azərbaycanın təhlükəsizlik orqanları qoruyur; 

- SEPAH təsir altına düşən qruplara təbliğ edirlər ki, yaşadığınız cəmiyyət əxlaqsızdır, ən ideal cəmiyyət İrandadır. Bu cür təbliğat nəticəsində bəzi şəxslərdə istər-istəməz öz cəmiyyətinə qarşı nifrət və kin yaranır. Düşünürlər ki, yaşadığı cəmiyyəti dəyişməlidirlər. Bu məqsədlə SEPAH-ın təlimatlarını yerinə yetirməyə başlayırlar. Əslində isə hazırda rəsmi Tehranın səriştəsiz idarəçiliyi üzündən İran cəmiyyətində ciddi problemlər mövcuddur; 

- SEPAH iranmeyilli qruplar arasında təkcə anti-Azərbaycan deyil, anti-Türkiyə təbliğatı da aparır. Məsələn, təsir altına düşən şəxslərin əksəriyyətinin Türkiyəyə xüsusi nifrəti, Rusiyaya isə böyük sevgisi var. Onların Rusiya və Türkiyə arasında ayrı-seçkilik etməsinin kökündə Tehranın apardığı xarici siyasət dayanır. Tehran Moskva ilə isti, Ankara ilə isə soyuq münasibət qurub. Bu səbəbdən, SEPAH iranmeyilli şəxslər arasında  Türkiyəyə nifrət, Rusiyaya isə  sevgi aşılayır; 

- Adıçəkilən qruplar arasında Azərbaycan mediasına qarşı "yalançıdır" təbliğatı aparılır.  Guya ən ideal media İrandadır. Halbuki elə deyil. İran mediası birbaşa SEPAH-ın və İranın digər hakim dairələrinin nəzarəti altındadır. Biz bunu İran mediasının Azərbaycana qarşı həyata keçirdiyi çirkin kampaniyanın timsalında görə bilərik;  

İran kəşfiyyatı uzun illərdir ki, bəzi azərbaycanlılara təsir etmək üçün yuxarıda sadalanan psixoloji təzyiq metodlarından istifadə edir.  

Ən nəhayət, İran kəşfiyyatı toruna salıb beynini "yuduğu", öz xalqına, ölkəsinə və onun strukturlarına nifrət bəsləyən insanlara siyasi hakimiyyətə qarşı çıxmaqla və SEPAH-a kəşfiyyat məlumatı ötürməklə bağlı təlimatlar verir. Təbii ki, uzun illər SEPAH-ın təbliğat ruporlarını dinləyən şəxslər robort kimi təlimatları icra etməyə başlayırlar. 

Və bununla da beyni tam "yuyulmuş" qruplar İran təbliğatının qurbanı kimi vətən xaininə çevrilir və öz ölkəsinin polisinə, əsgərinə güllə atacaq qədər azğınlaşır. 

Sadalanan məqamlardan bir daha aydın olur ki, İran müqəddəs deyil, öz xarici siyasəti, hətta imperialist maraqları olan dövlətdir. Ona görə də özünün təbliğat metodları ilə ətraf dövlətlərdə dayaqlar yaradır ki, lazım gələndə siyasi hakimiyyətlərə təzyiq edə bilsin. 

Məsələn, son dövrlər  Azərbaycanda İran casusları ətrafında baş verən hadisələr onu göstərir ki, Tehran ölkəmizdə konstitusiya quruluşunu dəyişmək, şəriət dövləti qurmaqla bağlı apardığı təbliğatı daha da intensivləşdirib. Tehran uzun illərdir qurduğu casus şəbəkəsinə "hücum" əmri verib.  

Amma DTX-nın son əməliyyatı göstərdi ki, İran kəşfiyyatının hansı planlar qurmasından asılı olmayaraq, Azərbaycanın xüsusi xidmət orqanları onlardan bir addım öndədir.

Əməliyyat həm də İranın Azərbaycanı Suriya, Livan və İraq (Tehranın adıçəkilən ölkələrdə böyük casus şəbəkəsi var) kimi təhlükəsizlik sistemi zəif dövlətlərlə səhv salmamalı olduğunu sübut etdi.  Azərbaycanda vəziyyət tam fərqlidir, İran casuslarının fəaliyyəti izlənilir və onlar vaxtında zərərsizləşdirilir. Bu məqamlar, SEPAH-ın Azərbaycanı qarışdırmaqla bağlı qurduğu planlarının nəticəsiz qalacağını deməyimizə əsas verir.

Elvin Səxavətoğlu