“İpoteka haqqında” Qanunda dəyişiklik edilib

Prezident İlham Əliyev "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Sənədə əsasən, "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilib:

- Aşağıdakı məzmunda 12.3-1-ci maddə əlavə edilir:

"12.3-1. Daşınar əşyanın ipotekasının dövlət qeydiyyatına alınması üçün zəruri olan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.".

- Aşağıdakı məzmunda 14.2-1-ci maddə əlavə edilir:

"14.2-1. İpotekanın əlavə dövlət qeydiyyatı üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.".