Aprel ayında Türkiyədə qeydiyyata alınan Azərbaycan kapitallı şirkətlərin sayı açıqlanıb

2023-ci ilin aprel ayında Türkiyədə Azərbaycan kapitalı ilə 92 şirkət qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8 şirkət çoxdur.

Day.Az xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Azərbaycan şirkətlərinin sayının artması ilə bərabər, onların ümumi kapıtalı artıb.

"Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 83,5 milyon türk lirəsi olduğu halda, 2022-ci ilin eyni dövründə bu rəqəm 31,9 milyon türk lirəsi təşkil edib"-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2023-cü ilin mart ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (79) qeydiyyata alınıb.

"İstanbulda qeydiyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 75,9 milyon türk lirəsi təşkil edib" -deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki, 2023-cü ilin aprel ayında Türkiyədə Azərbaycan kapitalı ilə 50 topdan və pərakəndə ticarət, 11 inşaat şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.