Türk dilinin BMT-nin rəsmi dili olması üçün başlıca maneə Qərb dövlətləridir

Türkiyənin Birləşmiş Millətlər Təşkilatı ilə çox geniş fəaliyyəti və əlaqələri var, ona görə də türk dili bu təşkilatın dilləri arasında olmalıdır.

Day.Az xəbər verir ki, bu sözləri Türkiyəli jurnalist, yazıçı Cem Küçük TurkicWorld-a özəl açıqlamasında deyib.

"Türkiyə bölgədə ən güclü ölkə olmaqla yanaşı, həm də NATO-nun ikinci ən güclü ordusuna, xüsusilə quru qoşununa sahibdir. Son vaxtlar Türkiyənin Müdafiə Sənayesində gördüyü işlər hər kəsə məlumdur. Türkiyə istər havada, istər dənizdə, istərsə də quruda vacib irəliləyişlər əldə edib", - deyə o qeyd edib.

C.Küçük onu da bildirib ki, ikinci Qarabağ müharibəsində Ermənistana qarşı haqlı mübarizədə qalib gələn Azərbaycan bütün dünyaya öz qüdrətini göstərib.

"Türkiyə və Azərbaycan bir araya gələndə daha güclü olurlar. Türk dövlətlərini də nəzərə alsaq, dünya üçün həqiqətən əhəmiyyətli işlər görəcək bir quruluş ortaya çıxır. Artıq Türk dövlətlərinin İnvestisiya Fondu yaradılıb. Bu fondun qurulmasında Türkiyənin rolu əvəzsizdir. Türkiyənin İstanbul şəhərində yerləşən Maliyyə Mərkəzi ilə yanaşı, Türk dövlətlərinin İnvestisiya Fondunda Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan da olacaq. Bütün dünya Türk dövlətlərinin gücünü görəcək", - deyə o əlavə edib.

Türkiyəli jurnalistin sözlərinə görə, türk dilinin BMT dili olması üçün başlıca maneə Qərb dövlətləridir.

"Hazırda Birləşmiş Millətlər Təşkilatının beş daimi üzvü var. Üzv ölkələrdən Rusiya, Çin kimi ölkələr türk dilinin BMT dili olmasına etiraz etməyə bilər, lakin Amerika, Fransa, İngiltərə bu məsələyə mane ola bilər. Amerika Suriya sərhədində PKK terror təşkilatına silah və maliyyə dəstəyi verməyə davam edir və bu baxımdan, Türkiyənin hələ də Qərblə problemləri var", - deyə o vurğulayıb.

C.Küçük hesab edir ki, bu məsələni Avropa Birliyinə üzv olan dövlətlər də müzakirə etməlidir, lakin əsas vacib məsələ iqtisadi və hərbi cəhətdən daha da inkişaf etməkdir.

Qeyd edək ki, hazırda çin, ərəb, fransız, rus, ingilis, ispan dilləri BMT-nin rəsmi dilləridir.