Naxçıvanın sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı təsdiqlənib

Prezident İlham Əliyev "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

1. "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın (bundan sonra - Dövlət Proqramı) 2023-2024-cü illərdə maliyyələşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində, 2025-2027-ci illərdə maliyyələşdirilməsi ilə bağlı təkliflərini isə 2024-cü il iyulun 1-dək hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət Proqramının Tədbirlər Planına və müəyyənləşdiriləcək maliyyə vəsaitinin həcminə uyğun olaraq, üç ay müddətində 2023-2024-cü illər üzrə, 2024-cü il sentyabrın 1-dək isə 2025-2027-ci illər üzrə tədbirlər planında nəzərdə tutulmuş məsələlərin icrasının təmini üçün daha təfsilatlı tədbirlər planlarının layihələrini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini əlaqələndirsin və Dövlət Proqramının icrası barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

4. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirsin.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə hər il Azərbaycan Respublikası dövlət büdcəsinin, dövlət investisiya proqramlarının və Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması üçün müvafiq tədbirlər görsünlər.