Qarabağ Dirçəliş Fondunun aparıcı biznes qurumları ilə görüşü keçirilib

İyunun 9-da Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə ölkənin aparıcı biznes qurumları ilə görüş keçirilib.

Trend xəbər verir ki, görüşdə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İşğaldan azad olunmuş ərazilərdə İşğal və Zəfər muzeyləri komplekslərinin təşkili və digər mədəniyyət müəssisələrinin yenidən bərbası üzrə işçi qrupunun rəhbəri Nərgiz Abdullayeva, ölkənin aparıcı biznes qurumlarının rəhbər şəxsləri və nümayəndələri, telekanal rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Qarabağa investisiya qoyuluşunun potensialının, perspektivli istiqamətlərinin təşviqi, potensial investorlardan təkliflərin toplanması və təhlili və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev təqdimatla çıxış edərək görüş iştirakçılarına Fondun sifarişi və maliyyə dəstəyi ilə Füzuli şəhərində salınacaq Füzuli Mərkəzi Parkı haqqında geniş məlumat verib.

Qeyd edib ki, Parkın konsept-layihəsi Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələri nəzərə alınmaqla hazırlanıb. Parkın salınması ərazidə ekoloji tarazlığın bərpasına ciddi töhfə verməklə yanaşı, həm Füzuli sakinlərinin, həm də şəhərin qonaqlarının istirahəti üçün ən gözəl məkanlardan birinə çevriləcək.

İdarə Heyətinin sədri parkın layihələndirilməsi zamanı beynəlxalq qabaqcıl təcrübədən istifadə olunduğunu xüsusi vurğulayıb.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev "Qarabağ: yenidənqurma və inkişaf, regionun investisiya imkanları" mövzusunda çıxış edərək işğaldan azad edilən ərazilərdə aparılan tikinti-quruculuq işləri, həyata keçirilən layihələr barədə məlumat verib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İşğaldan azad olunmuş ərazilərdə İşğal və Zəfər muzeyləri komplekslərinin təşkili və digər mədəniyyət müəssisələrinin yenidən bərbası üzrə işçi qrupunun rəhbəri Nərgiz Abdullayeva Ağdam rayonunun ərazisində yerləşən Pənahəli xanın İmarət kompleksinin bərpası istiqamətində görülən işlərdən danışıb.

 

Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və Kommunikasiya Şöbəsinin müdiri Pərvin Bağırova təqdimatla çıxış edərək tədbir iştirakçılarına "Qarabağ Gecəsi" xeyriyyə konserti haqqında geniş məlumat verib. Qeyd edib ki, 17 iyun 2023-cü il tarixində Gəncə şəhərində Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi, Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu ilə "Qarabağ gecəsi" adlı xeyriyyə konserti keçiriləcək.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutacaq konsertdən əldə ediləcək vəsait Ağdam rayonunun ərazisində yerləşən Pənahəli xanın İmarət kompleksinin bərpasına yönəldiləcək.

P.Bağırova arzu edən hər kəsi bilet əldə edərək həm möhtəşəm "Qarabağ gecəsi"nin iştirakçısı olmağa, həm də Qarabağın bərpasına dəstək olmağa çağırıb.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev cari ilin payız aylarında Bakıda keçiriləcək konsertdən sonrakı "Qarabağ gecəsi" xeyriyyə konsertinin Ağdam rayonunda keçirilməsini təklif edib.

Çıxışlardan sonra Qarabağın bərpası və yenidən qurulması istiqamətində görülən işlərə dəstək göstərən donorlara - Veysəloğlu Şirkətlər Qrupunun Müşahidə Şurasının üzvü İlqar Nuriyə, Avrora Qrupun prezidenti Ceyhun Abbasova və İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın direktoru Səadət Cahandarovaya "İanə sertifikatı" təqdim olunub.

Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupu Qarabağ Dirçəliş Fondunun dəstəyi və vasitəçiliyi ilə Zəngilan rayonunda bitki və tarlaların suvarılması üçün Zəngilan rayonuna "İsuzu" şassisi üzərində 10 tonluq su çəni ianə edib. Avrora Qrup isə dəfələrlə Qarabağ Dirçəliş Fonduna ianə edərək işğaldan azad olunan ərazilərimizdə görülən bərpa işlərinə dəstək olub.

Sertifikatları Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev təqdim ediblər.