Ermənistan Azərbaycanla sərhəddə müşahidə məntəqələrinin tikintisinə başlayıb

Ermənistan Azərbaycanla sərhədin Voskepar kəndi yaxınlığındakı delimitasiya olunmuş hissəsində sərhədçilər üçün müşahidə məntəqələrinin tikintisinə başlayıb.

Day.Az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyana Voskepar kəndindəki Müqəddəs Məryəm kilsəsini ziyarət etdiyi zaman məruzə olunub.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının Baş Qərargah rəisi Edqar Unanyan baş nazirə kilsənin arxasındakı dərədə yerləşən sərhəd sütunlarından birini göstərərək Ermənistan tərəfinin artıq sərhədçilər üçün müşahidə məntəqələrinin tikintisinə başladığını qeyd edib.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Qazaxla sərhəddə yerləşən Bağanis kəndinin sakinləri ilə görüşüb. Daha sonra Voskepar istiqamətinə gedib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin işğaldan azad olunmasını təmin etmək məqsədilə, 19 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyasının 8-ci görüşünün Protokolu imzalanıb.

Bildirilir ki, qeyd olunan Protokolun həyata keçirilməsi məqsədilə sərhəd xəttinin koordinatları üzrə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirmə aparılmış və müvafiq sərhəd xəttinin keçməsinin Protokol-təsvirini özündə əks etdirən birgə çöl işləri nəticələri haqqında Texniki Protokol tərtib edilib.

15 may 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Komissiyaların növbəti 9-cu görüşü keçirilmiş, sözügedən Texniki Protokol razılaşdırılmış və bu barədə Komissiyaların müvafiq Protokolu imzalanıb.

Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilmiş və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.

Bu gün Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.