"İran İnternational" - yalan, feyk və Bakıya qərəz mənbəyi - ARAŞDIRMA
Müəllif: Elçin Alıoğlu
Mənbə: Milli.Az
İnformasiya yayımının və kommunikasiya vasitələrinin növlərinin sürətlə dəyişdiyi müasir dövrdə məlumatlara əlçatanlıq əhəmiyyətli dərəcədə asanlaşıb. Belə olan təqdirdə, bütün dünya miqyasında saxta xəbərlərin bilərəkdən və ya bilməyərəkdən geniş şəkildə yayılması, eləcə də belə məlumatların müxtəlif ictimai proseslərə mənfi təsiri son illərdə xüsusilə nəzərə çarpmaqdadır. Metodoloji cəhətdən çətin olsa da, günümüzdə dezinformasiyanın yayılma modellərini və təsir dairəsini təhlil etmək dezinformasiyaya qarşı mübarizədə səmərəli yanaşmanın tətbiqi üçün zəruri hesab oluna bilər.
Ötən ay Şuşada keçirilmiş 2-ci Şuşa Qlobal Media Forumunun da sloqanı təsadüfən "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" seçilməmişdi.
Ölkəmizə qarşı dezinformasiya, saxta məlumatlar və feyk xəbərlər axını davam edir.
Məsələn, xatırladım ki, İranın mərhum prezidenti mayın 19-da İbrahim Rəisi məşum helikopter qəzasında həlak olandan cəmi bir neçə saat sonra xəbər yayıldı: "Heç istisna deyil ki, İran prezidentinin olduğu helikopter Azərbaycandan havaya qalxmazdan əvvəl müdaxiləyə məruz qalmışdı".
İbrahim Rəisi İran-Azərbaycan sərhədində bir neçə obyektin açılışında iştirak etmiş, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb danışıqlar aparmışdı.
O, Tehrana qayıdanda həlak olub - məlum.
"Helikopterə müdaxilə" barədə məlumatı yayan mənbə isə mərkəzi ofisi Londonda yerləşən "İran İnternational" telekanalı idi.
Şübhəli maliyyə, müəmmalı fəaliyyət
2017-ci ildə Londonda "Volant Media UK Ltd" şirkəti "Iran International" adlı telekanal təsis etdi.
Kimsənin tanımadığı, qısa müddətdə fəaliyyətə başlayan bu şirkət az sonra 16 (!) kosmik rabitə peykini icarəyə götürərək "İran İnternational"ın sutkada 24 saat (!) yayımına start verdi. Sahibi Adil Əbdülkərim əl Əbdül Kərim olan şirkət fəaliyyəti barədə geniş açıqlamalar vermir və media strukturu olmasına rəğmən, mediayaya qapalıdır.
Şirkətin ikinci ofisi ABŞ-ın paytaxtı Vaşinqton şəhərindədir.
Şirkətin sahibi Səudiyyə Ərəbistanını vətəndaşı olsa da, "Volant Media UK Ltd"nin İsrailə çox yaxın olduğu da vurğulanır.
"İran İnternational" telekanalının idarə olunması və maliyyələşdirilməsi ilə bağlı bir çox mübahisəli məsələlər mövcuddur. Kanalın maliyyə mənbələri barədə dəfələrlə suallar qaldırılıb, müxtəlif iddialar irəli sürülüb. Bu isə kanalın yaydığı məlumatların obyektivliyi və tərəfsizliyi barədə çoxsaylı, hələ də cavabsız qalan suallar doğurur.
Hazırda əsasən "TürkmenAlem 52°E /MonacoSAT" peyki vasitəsilə efirə çıxan "İran İnternational"ın fəaliyyətnə ABŞ Dövlət Departamentinin də dolayı yolla, amma ciddi təsir etdiyi iddia olunur.
Təsadüfi deyil ki, "İran İnternational"ın əməkdaşlarının əksəriyyəti "Azadlıq", "Amerikanın səsi", "Radio Fərda", "Manoto"nun sabiq əməkdaşlarıdır.
Məhmud Enayətinin rəhbərlik etdiyi telekanalın xəbərlər departamentinin rəhbəri İranın sabiq prezidenti Məhəmməd Hatəminin dönəmində mədəniyyət nazirinin müavini olmuş Əliəsgər Ramazanpurdur.
Bakı, HƏMAS, İran...
HƏMAS-ın Siyasi Bürosunun sədri İsmayıl Haniyənin İranın paytaxtı Tehranda, ölkənin yeni prezidenti Məsud Pezeşkianın inauqurasiya mərasimindən qayıtdığı "Neşat" villasında partlayış nəticəsində qətlə yetirilməsindən az sonra "İran İnternational" yenə Azərbaycanı "hədəf"ə alaraq öz "versiya"sını səsləndirdi.
"Tanınmış israilli analitik Ranen Solomon hesab edir ki, Tehranda İsmayıl Haniyəyə qarşı qəsd Xəzər dənizindən buraxılmış raket vasitəsilə gerçəkləşdirlə bilərdi. Azərbaycan İranla həmsərhəddir və İsrailin yaxın müttəfiqidir. Bu baxımdan hücumun şimaldan, Azərbaycan tərəfdən olması ehtimalı böyükdür. Yəni Tehrandan cəmi bir neçə yüz kilometr şimalda İsraildən alınmış hərbi texnika və kəşfiyyat məlumatları var", - "İran İnternational" məlumat yayıb.
Həmin məlumat, daha doğrusu, feyk informasiya əslində "İran İnternational"ın peşəkarlıq səviyyəsini göstərir.
Bakı ilə Tehran arasındakı məsafə 777 kilometrdir. Fərz edək ki, "israilli tanınmış analitik"in iddia etdiyi kimi, raket Xəzər dənizindən atılıb. Belədə məsafə 450-460 kilometr təşkil edir.
Azərbaycanda isə bu məsafədə hədəfi vuran kinetik başlıqlı ballistik raketlər, sadəcə, yoxdur. Olsa belə, onların buraxılışını Türkiyə, İran və Rusiyanın radiolokasiya stansiyaları, habelə ABŞ və NATO ölkələrinin Qara dəniz səmasında barraj vuran ilkin radioelektron xəbəretmə təyyarə-stansiyaları cəmi 0,5-0,7 saniyədə aşkarlayardılar.
Raket buraxılışı olmayıb, heç bir aşkarlanma barədə məlumat yoxdur.
Feyk xəbərlər fabriki
"İran İnternational" telekanalı indiyədək bir sıra yalan və feyk məlumatlar yayıb və həmin dezinformasiyalar kanalın etibarlılığına ciddi zərbə vurub ki, onların sadəcə, bəzilərini xatırlayaq.
2020-ci ilin yanvar ayında ABŞ-ın iranlı general Qasim Süleymaniyə qarşı həyata keçirdiyi hücumla bağlı kanalın yaydığı məlumatlar əsassız və qərəzli hesab edilib. Kanal İran hökumətinin hadisəyə verdiyi reaksiyalar barədə dezinformasiyalar yaydı ki, bu da İran ictimaiyyətində haqlı qəzəbə səbəb olmuşdu.
2021-ci ilin iyun ayında Azərbaycanın müxtəlif bölgələrində guya "etiraz aksiyaları" keçirilmsəsi barədə yayılan məlumatlar ağ yalan, hədyan idi.
"İran İnternational"telekanalı müxtəlif ölkələri hədəfə alaraq əsassız məlumatlar yayıb ki, bu da beynəlxalq münasibətlərə zərər vurub.
Telekanalın Türkiyə hökuməti və onun siyasəti ilə bağlı yaydığı məlumatlar tez-tez tənqid olunur.
Adi fakt: 2019-cu ildə Türkiyənin Suriyaya qarşı həyata keçirdiyi hərbi əməliyyatlarla bağlı yayılan məlumatlar qərəzli və əsassız idi. Bu məlumatlar regionda gərginliyi artırmaq məqsədi daşıyırdı .
"İran İnternational" Azərbaycanın daxili işlərinə qarışan və onun beynəlxalq imicinə zərbə vurmaq məqsədi daşıyan xəbərlər də yayıb. 2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi günlərində telekanal fasiləsiz olaraq feyk məlumatlar yayaraq Azərbaycanın mövqeyinə və maraqlarına zərbə vurmağa, ictimai rəyi manipulyasiya etməyə çalışmışdı.
Yalanların səbəbi nədir?
Azərbaycanla İran arasındakı münasibətlər son illərdə rəvan olmayıb və təmaslardakı gərginliyin səbəbkarı da, bəlli, rəsmi Bakı deyil. Lakin kənar qüvvələrin, subregional güclərin və xüsusilə də Qərbin bütün cəhdlərinə rəğmən Bakı ilə Tehran qarşılıqlı münasibətlərdəki sərinliyi, anlaşılmazlığı və problemləri aradan qaldırmaq üçün əməli addımlar atırlar.
Bu proses iki ölkə arasında qarşılıqlı anlaşma və dostluq münasibətlərinin dərinləşdirilməsinə xidmət edir. Həm İran, həm də Azərbaycan regionda sülh və sabitliyin təmin olunmasına yönəlmiş siyasətlərini davam etdirirlər.
İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında keçirilən telefon danışığı, ikitərəfli əlaqələrin inkişafı baxımından əhəmiyyətli bir hadisə oldu. Bu danışıq zamanı iki ölkə arasındakı tarixi və mədəni əlaqələrin gücləndirilməsi, iqtisadi və ticarət sahəsində əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə edildi. Həmçinin, regionda sülh və sabitliyin qorunması üçün ortaq maraqların müdafiəsi və qarşılıqlı dəstəyin vacibliyi vurğulanmışdı.
Azərbaycanın Baş naziri Əli Əsədovun İrana səfəri və orada keçirdiyi yüksək səviyyəli görüşlər də ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadı. Ə.Əsədovun İranın rəhbərliyi ilə keçirdiyi görüşlərdə iqtisadi əməkdaşlığın genişləndirilməsi, enerji, nəqliyyat, və turizm sahələrində yeni layihələrin həyata keçirilməsi istiqamətində müzakirələr aparıldı. Həmçinin, regionda qarşılıqlı maraqların təmin olunması və birgə layihələrin həyata keçirilməsi üçün yeni imkanların araşdırılması qərarlaşdırıldı.
İran və Azərbaycan arasındakı münasibətlər tarixən dostluq və qonşuluq prinsiplərinə əsaslanıb. Son dövrlərdə bu münasibətlər müsbət məcrada inkişaf etməkdədir. İki ölkə arasında iqtisadi, siyasi və mədəni sahələrdə əməkdaşlıq yeni səviyyəyə qaldırılıb. Hər iki tərəf qarşılıqlı maraqların təmin olunması və ortaq problemlərin həllində birgə addımlar atmaq niyyətindədir.
Müsbət inkişaflar fonunda İsraildəki müəyyən dairələrin Bakı-Tehran münasibətlərinə reaksiyası sadəcə, təəssüf doğurur. İsrailə bağlılığı şübhə doğurmayan "Iran International" televiziya kanalı məqsədyönlü dezinformasiyalar yayaraq İran-Azərbaycan münasibətlərinə kölgə salmağa çalışır. Bu kimi hərəkətlər regionda sülh və sabitliyin təmin olunmasına yönəlmiş səylərə zərbə vurur və ikitərəfli münasibətlərə xələl gətirir.
Azərbaycan bütün qonşu dövlətləri ilə münasibətlərin inkişafına yönəlmiş siyasətini davam etdirir və bu istiqamətdə ardıcıl addımlar atır. Regionda sülh və sabitliyin qorunması, iqtisadi və mədəni əlaqələrin gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir. İsraildəki bəlli, destruktiv qüvvələrin ucuz yollarla Azərbaycan-İran münasibətlərinə xələl gətirmək cəhdləri isə təəssüf doğurur və bu cür təxribatlar regionda sülh və sabitliyin təmin olunmasına xidmət etmir.
İran-Azərbaycan münasibətlərinin müsbət məcrada inkişafı regionda sülh və sabitliyin təmin olunmasına xidmət edir. Bu istiqamətdə atılan addımlar qarşılıqlı maraqların təmin olunması və dostluq əlaqələrinin gücləndirilməsi baxımından əhəmiyyətlidir. Azərbaycana dost və tərəfdaş İsraildəki bəzi dairələrin bu münasibətlərə mənfi təsir göstərmək cəhdləri isə qəbulolunmazdır.
Həmin qüvvələr birdəfəlik anlamalıdır ki, Azərbaycan bütün qonşu dövlətləri ilə münasibətlərini inkişaf etdirmək siyasətini davam etdirəcək
"İran İnternational" kimi feyk fabriklərinin və onların arxasında duran qüvvələrin uğursuz cəhdlərinə rəğmən...
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре