İsrailin bir neçə şəhərində azərbaycanlı rejissorun filmləri nümayiş olunub - FOTO
"AZİZ" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasınınn və İsraildə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan rejissoru Rüfət Əsədovla sözügedən ölkənin bir neçə şəhərində görüş keçirilib, həmçinin rejissorun iki filmi nümayiş etdirilib.
Day.Az xəbər verir ki, Afula şəhərində Azərbaycanda etnik birgəyaşayış və tolerantlığa həsr olunmuş toplantı keçirilib, tədbirin ardınca isə R. Əsədovun "Peyğəmbər Yereminin göz yaşları" və "Məbədə gedən yol" filmləri nümayiş etdirilib.
Qeyd edək ki, birinci film Azərbaycandan olan və dünyanın müxtəlif ölkələrində yaşayan dağ yəhudilərinin Azərbaycana olan məhəbbətindən bəhs edir. İkinci ekran əsərində isə Azərbaycan dini tolerantlığın və birgəyaşayışın özünəməxsus məkanı kimi tərənnüm olunur.
Rejissorla növbəti görüş İsrailin paytaxtı Tel-Əviv şəhərində reallaşıb. Görüşdə Azərbaycan-İsrail dosluğunun əhəmiyyətindən bəhs olunub, Azərbaycanın multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdən olduğu vurğulanıb, ölkədə bütün xalqların və dinlərin nümayəndələrinin hüquqlarının yüksək səviyyətə təmin edildiyi diqqətə çatdırılıb. Görüşdə Azərbaycanın İsraildəki fövqəladə və səlahiyyətli səfiri Muxtar Məmmədov, İsrail ictimaiyyətinin tanınmış nümayəndələri, elm xadimləri, sözügedən ölkədə faəliyyət göstərən azərbaycanlı icmasının fəalları iştirak ediblər. Görüşdən sonra rejissorun yeni ekran əsəri olan "Ana duası" filminin təqdimatı keçirilib. Film Azərbaycan dağ yəhudilərinin ölkəmizin təbliği ilə bağlı İsraildə gördükləri əhəmiyyətli işlərə həsr olunub.
"Ana duası" filminin növbəti təqdimatı Yerusəlim meriyasının təşkilatçılığı ilə Yerusəlim rus kitabxanasında keçirlib. Tədbirdən sonra Yerusəlim merinin müşaviri Yelena Jarovskaya xalqlar dostluğunu təbliğ etdiyinə görə rejissora sözügedən şəhərin meri Moşe Lionun şəxsi təşəkkür məktubunu təqdim edib.
Rejissor Rüfət Əsədov minnətdarlıq edərək bildirib ki, İsraildə hazırda müharibə qaydalarının hökm sürməsinə baxmayaraq, Azərbaycan diasporunun və İsrail mədəni ictimaiyətinin xüsusi diqqəti sayəsində görüşlər yüksək səviyyədə keçirilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре