Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə cərimələr artırldı

Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə cərimələr artırılıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu haqda Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib.

Dəyişikliyə əsasən, məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə fiziki şəxslər 300 manat məbləğində, vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər isə 4 000 manat məbləğində cərimə ediləcək.

Nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 1 000 manat məbləğində, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, altmış saatdan yüz saatadək ictimai işlər tətbiq olunacaq, hüquqi şəxslər isə 5 000 manatdan 7 000 manatadək məbləğdə cərimə ediləcək.

Bundan başqa, məişət tullantılarının buna cavabdeh şəxslər tərəfindən vaxtında xüsusi ayrılmış ərazilərə daşınmamasına görə vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər 2 000 manat məbləğində cərimə ediləcəklər.