Deputat Soltan Məmmədov Ümumçin Xalq Nümayəndələri Yığıncağı Xarici Əlaqələr Komitəsinin sədr müavini ilə görüşüb

Çin Xalq Respublikasına səfər çərçivəsində Ümumçin Xalq Nümayəndələri Yığıncağı Xarici Əlaqələr Komitəsinin sədri müavini Vanq Kı ilə görüşdük. Görüş çərçivəsində Azərbaycan Respublikası Milli Məclis rəhbərliyinin salamlarını çatdırdım. Parlamentlərarası əlaqələrin inkişafı üçün dostluq qruplarının qarşılıqlı səfərlərinin mühüm əhəmiyyəti barədə danışdıq. Cənab Vanq Kı Ümumçin Xalq Nümayəndələri Yığıncağının Azərbaycana səfər etməklə bağlı təklifimizi məmnuniyyətlə qəbul etdiyini bildirdi.

Day.Az xəbər verir ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq Parlamentlərarası İttifaqla birlikdə təşkil etdiyi parlament görüşünün uğurla keçirildiyi vurğulandı. Parlament görüşünün yekun sənədinin müzakirəsində Çin Xalq Respublikasının təmsilçilərinin fəal iştirak etdiyi qeyd olundu. Milli Məclis rəhbərliyinin tapşırığına uyğun olaraq, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi, iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində çinli həmkarlarımızla birgə işləməyə hazır olduğumuzu diqqətə çatdırdım.

Çin Xalq Siyasi Məşvərət Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Lin Songtian ilə görüşdə iki ölkə arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyi bildirildi. Azərbaycan Milli Məclisinin rəhbərliyinin parlamentlər arasında əməkdaşlığın inkişafına xüsusi önəm verildiyi diqqətə çatdırıldı. Cənab Lin iqtidar partiyaların sıx əməkdaşlığının olduğunu vurğuladı. Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyində və inkişafında mühüm rolunun Çində yüksək qiymətlədirildiyini qeyd etdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasəti hər zaman dəstəklədiklərini və ölkəmizdə hökm sürən sabitliyin əhəmiyyətini vurğuladı. Çinin Azərbaycanla bütün sahələrdə olduğu kimi, parlamentlərarası əlaqələrin inkişafında da maraqlı olduğunu bildirdi.

Azərbaycanın Vahid Çin siyasətini hər zaman dəstəklədiyi, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən minatəmizləmə fəaliyyətində Çin Xalq Respublikasının iştirakının mühüm əhəmiyyətə malik olduğu vurğulandı. COP29 kimi mötəbər tədbiri Azərbaycanın uğurla təşkil etdiyi qeyd olundu. Heydər Əliyev Fondunun Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyası ilə birlikdə həyata keçirdiyi layihələr haqqında məlumat verildi.

Qeyd edildi ki, "Bir kəmər, bir yol" layihəsi, Orta Dəhlizin inkişafı kimi mühüm qlobal əhəmiyyətli layihələr çərçivəsində əməkdaşlıq bir çox sahələrdə strateji maraqların üst-üstə düşdüyünü göstərir. İki ölkə arasında qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq münasibətləri mövcuddur. Çin şirkətlərinin yaşıl enerjiyə keçid sahəsində Azərbaycanla əlaqələrə xüsusi önəm verdiyi bildirildi. Beynəlxalq platformalarda əməkdaşlıq istiqamətində müsbət təcrübənin əhəmiyyəti ilə bağlı fikir mübadiləsi aparıldı.