Kür çayında suyun səviyyəsi artıb - VİDEO

Təkcə bir gündə Kür çayında suyun səviyyəsi təxminən yarım metr qalxıb.
Xezerxeber.az-ın məlumatına görə, Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində belə vəziyyət müşahidə edilir.
Bir neçə gün davam edən leysan xarakterli intensiv yağışların yağması, eləcə də irili-xırdalı çaylardan sel-suların keçməsi Kür çayına da ciddi təsir göstərib. Xüsusilə bu çayın aşağı axınında-yəni Salyan rayonunun ərazisindən keçən hissəsində daha çox hiss olunur. Artıq ötən gündən etibarən Kürdə suyun səviyyəsi sürətlə artmağa başlayıb.
Təkcə bu gün çayda suyun səviyyəsi 47 santimetr qalxıb. Mütəxəssislərin fikrincə, bu artım yenə də davam edəcək. Doğrudur, Kürdə suyun səviyyəsinin qalxması çayın sahillərində quraşdırılmış su nasoslarının normal işləməsi üçün əlverişlidir. Çayda bol sululuq olduğundan su nasosları məhsuldar işləyir.
Hazırda sahilə yaxın Tuqay meşəsinin müəyyən hissəsi su içində qalıb. Çayın sürətlə axını özü ilə birlikdə qurumuş ağac budaqlarını və kötükləri aparır.
Mütəxəssislər deyir ki, hələlik Kür çayında təhlükəli vəziyyət yaranmayıb.
Əgər bundan sonra da çayda suyun səviyyəsi bir neçə metr qalxarsa, həyətlərdə qurunt sular üzə çıxar, sakinlər yenə çətinliklərlə üzləşə bilərlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре