Naxçıvanda ikinci Kitab festivalı keçirilir - FOTO

Naxçıvan şəhərindəki "Saat Meydanı" Turizm İstirahət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmiş ikinci Kitab festivalı keçirilir.
AZƏRTAC xəbər verir ki, mayın 9-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov, dövlət və hökumət nümayəndələri, eləcə də digər rəsmi şəxslər festivalda iştirak edib, ayrı-ayrı nəşriyyatların stendləri ilə tanış olublar.
Festivala ölkəmizdə fəaliyyət göstərən 30-a yaxın nəşriyyat tərəfindən 30 mindən çox kitab və digər nümunələr çıxarılıb. Alim və pedaqoqlarımız tərəfindən nəşr olunmuş tədqiqat əsərləri, yüzlərlə adda klassik və müasir dünya ədəbiyyatından orijinal dildə və tərcümə olunmuş əsərlər, yerli bədii ədəbiyyat nümunələri, uşaq ədəbiyyatı, dərslik və dərs ləvazimatları, uşaqlar üçün əyləncəli öyrənmə vəsaitləri böyükdən-kiçiyə hər kəsin marağını cəlb edir. Ziyarətçilər burada kitablardan faydalana, yaradıcı insanların müxtəlif əl işləri və beyin məhsulları ilə tanış ola bilərlər.
Layihəyə qatılan ölkənin 10-a yaxın tanınmış qələm sahibi festival iştirakçıları ilə səmimi söhbət edib, yeni nəşr olunan kitabları barədə məlumat verib, oxucularına imzalı kitablar təqdim ediblər.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təşəbbüsü, Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Nəşriyyatları Asossiasiyası İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən kitab festivalı 3 gün davam edəcək.
Festival çərçivəsində tanınmış yazıçıların kitabsevərlərlə görüşü və kitab təqdimatları təşkil olunacaq, seminar və panel müzakirələri aparılacaq, fləşmob, videoçarxlar, konsert proqramı və atəşfəşanlıq nümayiş etdiriləcək.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре