Azərbaycanda bu şəxslər xüsusi mühafizə altındadır

Ailədaxili münaqişələr, qadının əri tərəfindən döyülməsi və digər ailə üzvlərinə qarşı şiddət halları son vaxtlar cəmiyyətdə tez-tez müşahidə olunur. Bu kimi neqativ halların qarşısının alınması üçün atılan addımlardan biri də mühafizə orderidir.

Ötən il 322 nəfərə məişət zorakılığından qorunmaq üçün mühafizə orderi verilib. Onlardan 280-i qısa müddətli, 42-si isə uzun müddətli order olub.

Day.Az xəbər verir ki, mühafizə orderi məişət zorakılığı törətmiş şəxsə qarşı tətbiq edilən rəsmi hüquqi məhdudiyyətlər toplusudur. Bu sənəd zorakılığa məruz qalan şəxsin təhlükəsizliyinin təmin edilməsinə xidmət edir.

Mühafizə orderi qüvvədə olduğu müddətdə zorakılıq törədən şəxsə zərərçəkmişə yaxınlaşmaq, onunla əlaqə saxlamaq və narahatlıq yaradan hərəkətlər etmək qadağan olunur.

Psixi zorakılıq və psixoloji şiddət halları da nəzərə alınır. Ümumiyyətlə, zərərçəkmiş şəxsin narazılığına səbəb olan istənilən hərəkət zorakılıq kimi qiymətləndirilə bilər və bu zaman qısa müddətli və ya uzun müddətli mühafizə orderi verilə bilər. "Məişət zorakılığının qarşısının alınması haqqında" 2010-cu ildə qəbul olunmuş Azərbaycan Respublikasının Qanununa əsasən, qısa müddətli order 60 günədək yerli icra hakimiyyəti orqanı tərəfindən verilir.

Uzun müddətli order isə bir qayda olaraq məhkəmələr tərəfindən verilir və bununla bağlı müvafiq qətnamə qəbul olunur.

Araşdırmalar göstərir ki, məişət zorakılığı əsasən ailə üzvləri arasında - nikah pozulduqdan sonra birgə və ya ayrı yaşayan keçmiş ər-arvad, yaxın qohumlar, qəyyum və himayəçilər, eləcə də rəsmi nikah olmadan birgə yaşayan şəxslər arasında qeydə alınır.

Hüquqşünaslar bildirirlər ki, mühafizə orderi əldə edən şəxsin ona dəyən mənəvi və maddi zərərin qarşılığını tələb etmək hüququ var.

Eyni zamanda, Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən, məhkəmə qətnaməsinin icra edilməməsinə görə zorakılıq törədən şəxs 3 ilədək azadlıqdan məhrum edilə bilər.

Mühafizə orderi alan şəxslərin qorunması qanunla müəyyən olunub.

Elcan Turan
Day.Az