Ürək sağlamlığı üçün ən faydalı ara yeməklər

Kardioloqların fikrincə, düzgün seçilmiş ara yeməklər ürək-damar xəstəlikləri riskini azaltmağa kömək edə bilər. Xüsusilə qan şəkərinin və xolesterinin nəzarətdə saxlanılması ürəyin sağlam qalması üçün vacibdir. Bu məqsədlə qida rasionuna antioksidantlar, lif və faydalı yağlarla zəngin məhsullar daxil etmək tövsiyə olunur.

Day.Az-ın məlumatına görə, 70%-dən çox kakao tərkibli qara şokolad damarların elastikliyini qorumağa və qan dövranını yaxşılaşdırmağa kömək edir.

Şəkərsiz yunan yoqurtu zülal, kalsium və probiotiklərlə zəngindir, qan şəkərinin sabit qalmasını dəstəkləyir. Qoz, badam və püstə kimi çərəzlər isə faydalı yağ turşuları sayəsində damarların daxili qatını qoruyur və ürək sağlamlığını dəstəkləyir.

Yulaf lopaları tərkibindəki beta-qlükan lifləri sayəsində xolesterinin azalmasına və qan şəkərinin tənzimlənməsinə kömək edir. Mövsümi meyvələr isə vitamin, mineral və antioksidantlarla zəngin olub ürək-damar sistemini qoruyur. Mütəxəssislər bu qidaların balanslı rasionun bir hissəsi kimi müntəzəm istehlakını tövsiyə edirlər.