Azərbaycan regionun nəqliyyat və enerji mərkəzinə çevrilmək üçün strateji üstünlüyə malikdir

Azərbaycan regionun nəqliyyat və enerji mərkəzinə çevrilmək üçün strateji üstünlüyə malikdir.

Day.Az xəbər verir ki, bunu İslam İnkişaf Bankı (İİB) Qrupunun Türkiyə Regional Mərkəzinin direktoru Valid Əbdülvahab Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində Trend-ə açıqlamasında deyib.

O, açıqlamasında Azərbaycanın prioritet layihələrinin bankın strateji hədəfləri ilə tam uzlaşdığını bildirib:

"İslam İnkişaf Bankı Qrupunun strategiyası regional inteqrasiyanın gücləndirilməsi, "yaşıl" keçid, iqtisadi və sosial inkişafın dəstəklənməsinə yönəlib. Bu çərçivədə Azərbaycanla əməkdaşlıqda əsas istiqamətlər kimi ticarət dəhlizlərinin inkişafı, nəqliyyat və enerji infrastrukturunun genişləndirilməsi nəzərdə tutulur".

Valid Əbdülvahabın sözlərinə görə, su və suvarma sahəsi artıq əməkdaşlıq gündəmində yer alır və ölkənin ehtiyacları nəzərə alınaraq bu istiqamətə daha böyük prioritet verilməsi planlaşdırılır:

"Eyni zamanda Qarabağ və azad edilmiş ərazilərin bərpası da əməkdaşlığın əsas sahələrindən biri kimi qiymətləndirilir.
Azərbaycanın coğrafi mövqeyi strateji üstünlükdür, bu potensialdan daha səmərəli istifadə edilməsi vacibdir".

Onun sözlərinə görə, Azərbaycan regionda nəqliyyat və enerji mərkəzinə çevrilmək imkanına malikdir və bu istiqamətdə enerji ixracı, eləcə də avtomobil və dəmir yolu dəhlizlərinin genişləndirilməsi gələcək əməkdaşlıq prioritetləri sırasında yer alır.