Azərbaycan dayanıqlı inkişaf üzrə regional əməkdaşlıqda daha fəal rol oynaya bilər – BMT-nin xüsusi elçisi
Azərbaycan ticarət, investisiya və dayanıqlı inkişaf sahələrində regional əməkdaşlığın genişləndirilməsi üçün mühüm imkanlara malikdir.
Day.Az xəbər verir ki, bunu Trend-ə müsahibəsində BMT-nin Dayanıqlı İnkişafın Maliyyələşdirilməsi üzrə xüsusi elçisi Mahmud Muhyeldin İslam İnkişaf Bankı (İİB) Qrupunun 14-cü Özəl Sektor Forumu çərçivəsində çərçivəsində bildirib.
BMT sistemi ilə Azərbaycanın dayanıqlı inkişafın maliyyələşdirilməsi sahəsində əməkdaşlığının səviyyəsi ilə bağlı sualı cavablandıran Mohieldin qeyd edib ki, səmərəli əməkdaşlıq üçün eyni vaxtda bir neçə istiqamətdə fəaliyyət göstərmək lazımdır.
"Əməkdaşlıq üçün dörd istiqamətdə işləmək vacibdir: ticarətin yaxşılaşdırılması, investisiyaların artırılması, maliyyə axınlarının genişləndirilməsi, həmçinin texniki və texnoloji yardımın göstərilməsi və potensialın inkişaf etdirilməsi.
Hazırda inkişaf etmiş ölkələrdən aşağı gəlirli dövlətlərə və Qlobal Cənub ölkələrinə maliyyə axınlarında ciddi məhdudiyyətlər mövcuddur. Bu məsələdə vəziyyət o qədər də qənaətbəxş deyil, çünki inkişaf etmiş iqtisadiyyatlardan aşağı gəlirli ölkələrə maliyyə axınları qarşısında ciddi maneələr qalmaqdadır", - deyə o bildirib.
Eyni zamanda, Muhyeldin vurğulayıb ki, bu vəziyyət iqtisadi inkişaf səviyyəsi orta olan ölkələr, o cümlədən Azərbaycan üçün yeni imkanlar yaradır.
"Bu, Azərbaycan kimi ölkələrə regional səviyyədə, hətta regiondan kənarda qarşılıqlı faydalı əməkdaşlıq əsasında daha fəal fəaliyyət göstərmək imkanı verir. Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün dövlət və özəl sektor arasında tərəfdaşlığın gücləndirilməsi vacibdir. Dayanıqlı İnkişaf Məqsədlərinin 17-ci məqsədi məhz tərəfdaşlıqların möhkəmləndirilməsinə və insan kapitalı, infrastruktur və inkişaf sahələrinə investisiyaların artırılmasına həsr olunub. Bunun üçün təkcə hökumətlər arasında deyil, həm də özəl sektorun iştirakı ilə əməkdaşlıq zəruridir", - deyə o əlavə edib.
Azərbaycanın iştirakı ilə regional dayanıqlı maliyyələşdirmə platformasının yaradılması imkanını şərh edən xüsusi elçi bildirib ki, bunun üçün artıq zəruri ilkin şərtlər mövcuddur.
Muhyeldinin sözlərinə görə, Azərbaycan investisiya, ticarət və regional əməkdaşlıq sahələrində fəal təşəbbüslərlə çıxış edir.
"COP29 Azərbaycanda keçirilməzdən əvvəl də investisiyalar, ticarət və qonşu ölkələrlə əməkdaşlıqla bağlı bir çox ideyalar irəli sürülmüşdü. Bunlar fəaliyyətə başlamaq üçün yaxşı təşəbbüslər idi və COP-dan sonra dayanmadı, əksinə davam etdirildi. Biz Baku Investment Forum və əməkdaşlığın yalnız iqlim gündəliyi üzrə deyil, həm də inkişaf, biznes və digər istiqamətlər üzrə genişləndirilməsinin şahidi oluruq", - deyə o qeyd edib.
Orta Dəhliz boyunca layihələrin maliyyələşdirilməsi üçün vahid mexanizmin yaradılması imkanından danışan BMT-nin xüsusi elçisi vurğulayıb ki, təşkilatın sistemində bu cür təşəbbüsləri dəstəkləyə biləcək alətlər artıq mövcuddur.
"BMT sistemində artıq müxtəlif mexanizmlər və institutlar fəaliyyət göstərir. Bunlara Dayanıqlı İnkişaf Məqsədləri Fondu, BMT-nin Kapital İnkişaf Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və digər ixtisaslaşmış proqramlar daxildir. Onlar regional təşəbbüslərdə katalizator rolunu oynaya bilərlər. Belə layihələri dəstəkləmək üçün BMT daxilində yeni struktur yaratmağa ehtiyac yoxdur.
Əgər ticarət, investisiya, maliyyə və texnoloji əməkdaşlığın inkişafı üçün regional mexanizmlərin formalaşdırılması ideyası varsa, BMT sistemində artıq lazımi dəstəyi göstərməyə hazır olan çoxsaylı tərəfdaşlıqlar və alətlər mövcuddur", - deyə Muhyeldin bildirib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре