“Media haqqında” qanuna dəyişikliklər müasir çağırışlara cavab verir - Sevil Mikayılova
"Media haqqında" Qanuna təklif edilən dəyişikliklər müasir informasiya mühitinin çağırışlarına cavab verən mühüm və strateji əhəmiyyətli bir yanaşmanı əks etdirir.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Beynəlxalq Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan vitse-prezidenti, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Sevil Mikayılova parlamentin bugünkü iclasında "Media haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, təklif olunan qanun layihəsi Azərbaycanda media sahəsinin institusional əsaslarının daha da təkmilləşdirilməsinə, normativ bazanın müasirləşdirilməsinə və idarəetmə mexanizmlərinin daha çevik və effektiv model üzərində qurulmasına xidmət edir.
"Müasir dövrdə qlobal informasiya məkanında baş verən sürətli transformasiyalar çap, onlayn və audiovizual medianın faktiki olaraq vahid fəaliyyət ortamına gətirib. Bu da öz növbəsində media siyasətinə vahid və kompleks yanaşmanı zəruri edir. Bu kontekstdə informasiya sisteminin əsas sütunu olan mediaya münasibətdə bütöv və koordinasiyalı idarəetmə mexanizminin formalaşdırılması xüsusi aktuallıq kəsb edir.
Təklif olunan dəyişikliklər vahid səlahiyyətli dövlət orqanının - Media və Yayım Şurası yaradılmasını nəzərdə tutur. Bugünə kimi kifayət qədər uğurlu fəaliyyət göstərən iki qurumun birləşməsi ilə Şuranın yaradılması mütərəqqi irəliləyişdir və sektorun effektiv idarəolunmasını təmin edəcək.
Qurum kollegial idarəetmə modeli əsasında fəaliyyət göstərərək qərarların daha balanslı, şəffaf və institusional məsuliyyət prinsiplərinə uyğun şəkildə qəbul edilməsinə imkan yaradacaq. Bu, heç şübhəsiz medianın müstəqilliyinin qorunması baxımından zərurudur, lakin eyni zamnda ictimai etimadın möhkəmləndirilməsinə xidmət edən mühüm demokratik mexanizm kimi çıxış edir", - deyə Sevil Mikayılova vurğulayıb.
Millət vəkili Şuranın əsas fəaliyyət istiqamətlərini də açıqlayıb:
"Şuranın əsas fəaliyyət istiqamətlərindən biri media və yayım sahəsində qüvvədə olan normativ hüquqi aktlara əməl edilməsinə nəzarətin həyata keçirilməsi olacaq. Bu yanaşma media mühitində vahid qaydaların tətbiqinin effektivliyini artırmağa, hüquqi qeyri-müəyyənliklərin aradan qaldırılmasına və bütün iştirakçılar üçün bərabər fəaliyyət şəraitinin yaradılmasına xidmət edir.
Şuranın mühüm vəzifələrindən biri də media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsidir. Müasir dövrdə media qurumlarının effektiv fəaliyyəti həm də onların iqtisadi dayanıqlığı ilə birbaşa bağlıdır. Bu istiqamətdə atılacaq addımlar media subyektlərinin müxtəlif maliyyə risklərindən daha az asılı olmasına, uzunmüddətli inkişaf strategiyaları qurmasına şərait yarada bilər.
Digər mühüm istiqamət media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılmasıdır. Rəqəmsallaşma və texnoloji transformasiya şəraitində media sektorunun rəqabət qabiliyyətinin qorunması üçün innovativ həllərin təşviqi xüsusi əhəmiyyət daşıyır. Belə ki, auditoriyanın sürətlə yenilənən tələblərinə çevik cavab veriləsi əsas hədəflərdəndir".
Sevil Mikayılova əlavə edib ki, Şuranın media subyektlərinin fəaliyyəti ilə bağlı təhlillər aparması və ictimai rəyin öyrənilməsini təşkil etməsi də diqqətəlayiq istiqamətlərdəndir.
"Media siyasətinin effektivliyi yalnız normativ qərarlarla deyil, real vəziyyətin davamlı monitorinqi və cəmiyyətin gözləntilərinin nəzərə alınması ilə təmin olunur. Media sektorunda inkişaf tendensiyalarının vaxtında müəyyən edilməsi operativ qərar qəbuletməni daha da optimallaşdırır.
Eyni zamanda, "Reklam haqqında" Qanuna uyğun olaraq Şuraya sosial reklamların sifariş verilməsi səlahiyyətinin verilməsi ictimai əhəmiyyətli mesajların daha geniş auditoriyaya çatdırılması baxımından mühüm imkan yaradır. Çünki Sosial reklamlar maarifləndirmə, ictimai məsuliyyətin artırılması və cəmiyyət üçün vacib mövzuların gündəmdə saxlanılması baxımından təsirli vasitələrdən biridir.
Bu dəyişikliklər həm də beynəlxalq təcrübədə müşahidə olunan mütərəqqi idarəetmə modellərinin nəzərə alınması baxımından mühüm əhəmiyyət daşıyır. Müasir media siyasətində çeviklik, koordinasiya və hüquqi müəyyənlik əsas prinsiplər kimi çıxış edir və təqdim olunan layihə də məhz bu prinsiplərə əsaslanır", - deyə deputat bildirib.
Sevil Mikayılova əlavə edib ki, "Media haqqında" Qanuna təklif edilən dəyişikliklər yalnız hüquqi və institusional yenilənmə deyil, həm də Azərbaycanın informasiya siyasətinin daha sistemli, daha müasir və daha effektiv mərhələyə keçidini təmin edən vacib addım kimi qiymətləndirilməlidir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре