İran Azərbaycanla qaz mübadiləsi və svopu üzrə əməkdaşlığa hazırdır

İran tərəfi Azərbaycanla qaz mübadiləsi və svopu üzrə əməkdaşlıq etməyə hazırdır.

Day.Az xəbər verir ki, bunu Trend-ə müsahibəsində İranın neft nazirinin müavini və Milli Qaz Şirkətinin icra direktoru Səid Təvəkkoli deyib.

Onun sözlərinə görə, Azərbaycanın başqa qonşu ölkələrlə İran üzərindən qaz mübadiləsi üzrə razılaşma olarsa, İran bu istiqamətdə əməkdaşlıq etməyə hazır olduğunu bildirir.

"İranın qaz infrastrukturları qaz svopu və mübadiləsi üçün əməkdaşlıq etmək imkanı yaradır. Bununla əlaqədar müzakirələr aparılmaqdadır və ümid edilir ki, müzakirələr praktiki addımlarla yekunlaşacaq", - deyə o bildirib.

Təvəkkoli əlavə edib ki, İranın Milli Qaz Şirkəti ilə Azərbaycanın SOCAR Şirkəti arasında uzunmüddətli müqavilə mövcud olub və bu müqavilənin müddəti yenidən uzadılıb. Müqavilə çərçivəsində çox effektiv əməkdaşlıq həyata keçirilməkdədir.

Nazir müavini deyib ki, Türkmənistan qazının Azərbaycana svop edilməsi ilə əlaqədar qısamüddətli müqavilə də çox yaxşı şəkildə həyata keçirilib. Hazırda bu müqavilə üzrə işlər dayandırılıb.

Təvəkkoli qeyd edib ki, İran 2029-cu ilədək iqtisadi inkişaf proqramına əsasən, MDB-yə üzv ölkələr, qonşu ölkələrlə qaz ticarəti, svopu, tranziti üzrə əməkdaşlığa önəm verir. Bu baxımdan İran tərəfi Türkmənistan və yaxud hər hansı qonşu ölkənin qazının İran vasitəsi ilə üçüncü ölkəyə nəql olunmasına hazırdır.

Təvəkkoli bildirib ki, İranın Türkiyə ilə qaz müqaviləsi ölkənin uzunmüddətli strateji müqavilələrindən biri hesab olunur. İki ölkə arasında ilkin və təkmilləşdirmə müzakirələri həyata keçirilib və müsbət razılaşmalar əldə olunub. İran və Türkiyə arasında qaz müqaviləsi üzrə müzakirələrin tezliklə uğurlu nəticə ilə sonuclanacağına ümid edilir.

"İranın 2029-cu ilə qədər nəzərdə tutulan iqtisadi inkişaf proqramına əsasən qaz ixracı ölkənin əsas strateji hədəflərindən biri kimi seçilib. Lakin bu məsələ İranın prioritetlərindən asılıdır. İranın birinci prioriteti ölkədaxili qaz təminatını həyata keçirməkdir. Növbəti mərhələdə isə qaz ixracı önəmli addımlardan biri kimi qiymətləndirilir. Bu aspektdə Türkiyə vasitəsi ilə İran qazının Avropa ölkələrinə ixracı baədə hələlik hər hansı bir göstəriş olmayıb və danışıq aparılmayıb.

Ölkənin qaz ixracına gəldikdə, hazırda İranın qaz ixracı ilə əlaqədar statistik məlumatlar dəqiqləşməyib. Ölkənin qaz şəbəkəsi və mövcud vəziyyəti nəzərə alaraq dəqiqləşdirilmə aparılacaq və ölkənin yüksək səviyyəli aidiyyətli qurumlarından icazə alındıqdan sonra yekun qərar veriləcək", - deyə o qeyd edib.

İranın Milli Qaz Şirkətinin icra direktoru əlavə edib ki, Rusiya qazının İrana nəql olunması ilə bağlı iki ölkə arasında anlaşma memorandumu əsasında iki mərhələli proqram nəzərdə tutulub. Bu anlaşma memorandumu çərçivəsində iki ölkə arasında sıx və praktiki müzakirələr keçirilib. Bu isə İran və Rusiya arasında müqavilə üzrə işlərin yekunlaşması ilə nəticələnib. Sadəcə iki nüans - qazın qiyməti və ödəniş mexanizmi üzrə hallar istiqamətində işlər aparılmalı idi. Bu iki məsələ ilə bağlı işlər hələlik yekunlaşmayıb. Hər iki tərəf Rusiya qazının İrana nəql olunmasını müsbət qarşılayır və bu çərçivədə müzakirələr davam edir.

Təvəkkoli əlavə edib ki, ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlarında bütün protokollara rəğmən ölkənin qaz infrastrukturu hücumlara məruz qalıb. İranın Neft Nazirliyi və Milli Qaz Şirkətində bütün bu hallarla əlaqədar mövcud vəziyyətin idarə olunması üçün hədəfli addımlar atılıb. Atılan addımlar nəticəsində ölkədə qaz təminatı sahəsində böhranlı şərait yaranmayıb. Bütün görülən tədbirlərə baxmayaraq ölkənin qaz istehsalının müəyyən bir hissəsində məhdudiyyət yaranıb. Məhdudiyyətin azaldılması və aradan qaldırılması istiqamətində elə ilk gündən qısa, orta və uzunmüddətli proqramlar hazırlanıb. Ölkənin bütün qaz emalı zavodlarında təhlükəsizliyin artırılması üzrə addımlar atılıb.

"Müharibə dövründə 18 mart 2026 tarixində qaz emalı zavodlarının vurulması bir növ böyük təəssüfləndirici haldır. Xəsarət alan qaz emalı zavodlarında dağıntıların aradan qaldırılması üzrə işlər aparılır. Cənubi Pars Qaz Şirkətində vurulan 4 emal zavodunun bəzisində xəsarətlər daha ciddi şəkildədir və həmin emalı zavodlarının bərpası prosesinə başlanıb.

Təbii ki, qaz emalı zavodlarının hərbi hava hücumlarında vurulması ölkənin qaz istehsalını azaldıb. Bu baxımdan avadanlıqların istehsalı və təchizatın təmin olunması üzrə işlər həyata keçirilir. Dəyən zərərin qiymətləndirilməsi ilə yanaşı texniki işlər də davam etdirilməkdədir və bu zavodların əsaslı şəkildə təmir olunması nəzərdə tutulur.

Milli Qaz Şirkəti proqrama əsasən imkanları daxilində ölkənin qaz istehsalını maksimum şəkildə artırmağa və qarşıdan gələn soyuq aylarda ölkənin qaz təminatı istiqamətində addımlar atmağı nəzərdə tutub. Vurulan qaz emalı zavodlarında da bərpa işlərinin sürətləndirilməsi, texniki işlərin həyata keçirilməsi diqqət mərkəzindədir. Qaz infrastrukturlarında qeyri-hərbi müdafiə ilə əlaqədar bütün tədbirlər görülüb", - deyə o bildirib.

Nazir müavini qeyd edib ki, İranın qaz infrastrukturları əhaliyə xidmət üçün nəzərdə tutulub. Ölkənin qaz infrastrukturları sadəcə xidmətlər göstərən infrastrukturlardır. Ölkənin qaz istehsalı ilə istilik elektrik stansiyalarının yanacağı təmin olunur. Elektrik də öz növbəsində əhaliyə xidmət üçün istifadə olunur. Vətəndaşlara xidmətlər göstərən infrastrukturların vurulmasını heç bir halda əsaslandırmaq mümkün deyil. Xidmətlər göstərən infrastrukturların vurulması isə qarşı tərəfin başqa məqsədləri də nəzərdə tutduğunu göstərir. Bütün bunlara rəğmən İran tərəfi bütün hallar üçün hazırlığa sahibdir və lazımi planlar nəzərdə tutulub.