21 min nəfərin işsiz qalmasının səbəbi

Süni intellekt texnologiyalarının sürətlə yayılması qlobal İT sektorunda şirkətlərin fəaliyyət modelini ciddi şəkildə dəyişməkdədir və bu proses əmək bazarına da birbaşa təsir göstərir.

Day.Az xəbər verir ki, məlumatlara görə, ABŞ-də fəaliyyət göstərən iri proqram təminatı şirkətlərindən biri olan "Oracle" son dövrlərdə həyata keçirdiyi struktur dəyişiklikləri fonunda işçi sayında əhəmiyyətli azalmaya gedib.

Şirkətin illik hesabatında qeyd olunur ki, 2026-cı il mayın 31-nə olan vəziyyətə əsasən, tam ştatlı əməkdaşların sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 162 mindən 141 min nəfərə enib.

Bu, təxminən 21 min nəfərin işini itirməsi deməkdir və ümumi işçi qüvvəsinin təxminən 13 faizini əhatə edir.

Rəsmi izahda ixtisarların tək səbəbi kimi süni intellekt göstərilməsə də, hesabatın məzmunu göstərir ki, şirkət öz əməliyyatlarını AI əsaslı sistemlərə uyğunlaşdırır. Bu texnoloji keçid nəticəsində bəzi proseslər avtomatlaşdırılır və bu da işçi ehtiyacını azaldır. Sənəddə həmçinin bu tip optimallaşdırmaların gələcəkdə də davam edə biləcəyi qeyd olunur.