Aşura Günü qanvermə aksiyasında 2821 nəfər qan verdi, 1269.45 litr qan toplandı

Günün yekun nəticələrinə əsasən, Aşura Günü münasibətilə təşkil olunan qanvermə aksiyalarında ümumilikdə 2821 nəfər könüllü donor iştirak edib. Donorlardan toplanan qanın ümumi həcmi 1269.45 litr olub.

Day.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, hər il keçirilən bu humanitar aksiya qana ehtiyacı olan xəstələrin müalicəsinə mühüm töhfə verməklə yanaşı, cəmiyyətdə könüllü donorluq ənənələrinin təşviqinə də xidmət edir.

XXX
12:43

Aşura Günü çərçivəsində keçirilən könüllü qanvermə aksiyasında vətəndaşların fəallığı günün növbəti saatlarında daha da artıb.

Day.Az xəbər verir ki, saat 12:00-a olan məlumata görə, qan verən donorların sayı 1701 nəfərə çatıb. Toplanmış qanın həcmi isə 765,45 litr təşkil edib.

XXX
10:38

Aşura Günü ilə bağlı Azərbaycanda keçirilən könüllü qanvermə aksiyası davam edir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşəbbüsü ilə təşkil olunan aksiyanın əsas məqsədi qana ehtiyacı olan xəstələrin müalicəsi üçün qan ehtiyatının artırılmasına dəstək verməkdir.

Day.Az xəbər verir ki, 25 iyun 2026-cı il tarixində səhər saatlarından etibarən ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən qanvermə məntəqələrində vətəndaşlar aksiyaya böyük maraq göstərirlər.

Saat 10:00-a olan ilkin göstəricilərə əsasən, 501 nəfər könüllü donor qan verib. Nəticədə ümumilikdə 225.45 litr qan toplanıb.

Bu il qanvermə aksiyası respublikanın 30 şəhər və rayonunda yerləşən 40 məntəqədə təşkil olunub. Məntəqələrin 24-ü məscid və ziyarətgahlarda, 15-i tibb, 1-i isə təhsil müəssisəsində fəaliyyət göstərir.

Səhər saat 08:00-da start götürən aksiya gün ərzində davam edir.