ABŞ tarixin ən çətin dünya çempionatının təşkilində iştirak edir

2026-cı il futbol üzrə dünya çempionatı tarixin ən çətin idman tədbiridir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Antoni Trankina Bakıdakı səfirliyin təşkil etdiyi "USA-Türkiye World Cup Watch Party" tədbiri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"Burada olmaq və 2026-cı il dünya çempionatı çərçivəsində ABŞ-Türkiyə matçında dünyanı salamlamaq mənim üçün böyük bir şərəfdir", - deyə o bildirib.

O qeyd edib ki, hazırkı turnir tarixin ən mürəkkəb idman tədbiridir: oyunlar üç ev sahibi ölkənin 20 şəhərində keçiriləcək.

"ABŞ bu ilki dünya çempionatında ev sahibliyi edən üç ölkədən biri olmaqdan, dünyanı qarşılamaqdan və Amerika qonaqpərvərliyini və ABŞ-nin idmandakı nailiyyətlərini nümayiş etdirməkdən məmnundur", - deyə səfirlik nümayəndəsi bildirib.

A. Trankinanın sözlərinə görə, Azərbaycan həm də beynəlxalq idman tədbirlərinə ev sahibliyi etməkdə dünyanın aparıcı ölkələrindən biri kimi tanınır.

"ABŞ və Azərbaycan dünya səviyyəli idman tədbirlərinə ev sahibliyi edən ölkələr arasında olmaqdan qürur duyurlar", - deyə o qeyd edib.

Matçın özü haqqında şərh verən Trankina bunu həyəcanverici bir qarşılaşma adlandırıb.

"Gördüyümüz kimi, əvvəlcə Amerika öndə idi, sonra Türkiyə üstünlüyü ələ aldı və düşünürəm ki, bizi çox maraqlı ikinci hissə gözləyir", - deyə o bildirib.

Səfirlik nümayəndəsi qalibi proqnozlaşdırmağa hazır olmadığını qeyd edib, lakin nəticəsindən asılı olmayaraq ABŞ komandası ilə fəxr edəcəyini vurğulayıb.

"Bu, yəqin ki, ölkənin dünya çempionatında iştirak tarixində ən yaxşı ABŞ komandasıdır", - deyə o bildirib.

Trankina ABŞ-nin ilk dünya çempionatında üçüncü yeri tutduğunu xatırladıb və hazırkı komandanın turnirin finalına çıxan ilk Amerika komandası olacağına ümid etdiyini bildirib. ABŞ milli komandasının ümumi çıxışından danışarkən, o, qeyd edib ki, bu, ölkəni dünya çempionatında təmsil edən ən güclü heyətdir.

"İlk iki matçda qalib gəldik. Bu gün Türkiyəyə qarşı oyun çox rəqabətli keçdi və mən çox qürur duyuram ki, artıq ikinci mərhələyə yüksəlmişik", - deyə o bildirib.

A. Trankinanın sözlərinə görə, ABŞ komandası dünya çempionatı tarixində ən yaxşı nəticəsini əldə etmək potensialına malikdir.

"Ümid edirik ki, Amerikanı yarımfinalda və ya hətta finalda görəcəksiniz", - deyə o bildirib.

Səfirliyin baxışı təşkil etmək üçün niyə ABŞ-Türkiyə matçını seçdiyi soruşulduqda, Trankina bunun Azərbaycanda Türkiyə milli komandasına güclü dəstək olması ilə bağlı olduğunu qeyd edib.

"Düşünürəm ki, Azərbaycanda Türkiyə komandasına böyük rəğbət var, ona görə də biz ABŞ-Türkiyə matçını seçdik ki, Azərbaycanlı dostlarımızı və Bakı idman ictimaiyyətini qəbul edək", - deyə o bildirib.

A. Trankina əlavə edib ki, səfirlik də bu matçı turnirin ən maraqlı oyunlarından biri hesab edir.

"ABŞ və Türkiyənin çox güclü komandaları var və biz qərara gəldik ki, bu, Azərbaycanlı dostlarımıza göstərmək üçün ən yaxşı matç olacaq. Bundan əlavə, oyunun vaxtı belə bir tədbir üçün əlverişli idi", - deyə səfirlik nümayəndəsi qeyd edib.