Məktəblərdə telefon qadağası

Məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair qaydalar təsdiqlənib. Belə ki, təhsilalanların dərs (məşğələ) müddətində mobil və elektron cihazlardan istifadə etməsi qadağan edilib.

Mövzu ilə bağlı Day.Az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bunun müsbət nəticələrindən danışarkən qeyd edib ki, bu qərardan əvvəl də bir çox ümumi təhsil müəssisəsində pedaqoji şuraların qərarları əsasında dərs müddətində şagirdlərin mobil telefonlardan istifadəsinə məhdudiyyətlər tətbiq olunurdu.

O, bildirib ki, yeni tənzimləmə isə bu qaydaların vahid yanaşma əsasında həyata keçirilməsini təmin edir.

"Yeni qaydalar təhsil prosesində diqqətin dərsə yönəldilməsini, məktəbdə sağlam tədris mühitinin formalaşdırılmasını və elektron cihazlardan daha məsuliyyətli istifadənin təşviq olunmasını hədəfləyir. Eyni zamanda, qaydalarda tədris məqsədlərinə xidmət edən hallarda mobil və digər elektron cihazlardan istifadə imkanları da nəzərdə tutulur. Bu yanaşma həm müasir təhsil tələblərini, həm də təlim prosesinin səmərəliliyini nəzərə alır.

Müasir dövrdə rəqəmsal texnologiyalar təhsil prosesinin ayrılmaz hissəsinə çevrilib. Elektron resurslardan istifadə, onlayn tədris materiallarına çıxış və müxtəlif rəqəmsal platformalar şagirdlərin bilik və bacarıqlarının inkişafına dəstək verir. Buna görə də mobil və elektron cihazlardan istifadənin məqsədyönlü, nəzarətli və tədrisə uyğun şəkildə təşkil edilməsi mühüm əhəmiyyət daşıyır", - ekspert vurğulayıb.

M.Məmmədli əlavə edib ki, bir sıra inkişaf etmiş ölkələrdə də məktəblərdə mobil telefonlardan istifadə ilə bağlı müxtəlif tənzimləmə modelləri tətbiq olunur:

"Bu təcrübələr göstərir ki, əsas məqsəd texnologiyanı tamamilə məhdudlaşdırmaq deyil, onun təhsil prosesinə müsbət töhfə verəcək şəkildə istifadəsini təmin etməkdir. Azərbaycanda tətbiq olunan yeni qaydalar da məhz şagirdlərin diqqətinin tədrisə yönəldilməsi ilə yanaşı, zəruri hallarda rəqəmsal imkanlardan səmərəli istifadəyə şərait yaradan balanslı yanaşmanı əks etdirir," - o deyib. 

Nəsimi Ələsgərli