İlin sonuna qədər Azərbaycan ilk vaksinini istehsal edəcək - FOTO
Azərbaycanda ilk dəfə olaraq bu ilin sonunadək yerli baytarlıq vaksininin istehsalına başlanılması planlaşdırılır. Bunlar quduzluq xəstəliyinə qarşı tətbiq olunacaq və tamamilə Azərbaycan istehsalı olan vaksinlərdir.
Day.Az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Trend Beynəlxalq İnformasiya Agentliyinə və "Xəzər TV" televiziya kanalına birgə müsahibəsində deyib.
Onun sözlərinə görə, "Rabisafe" adlanan bu vaksinlər Qida Təhlükəsizliyi İnstitutunun Qubadakı istehsal müəssisəsində hazırlanır:
"Gələn ildən etibarən Azərbaycan quduzluğa qarşı həm vəhşi heyvanlar, həm də ev heyvanları arasında aparılan vaksinasiyanı öz istehsalı olan preparatlarla həyata keçirəcək. Bu məqsədlə, xüsusilə vəhşi heyvanlar üçün aldadıcı yemlər vasitəsilə vaksinasiya aparılacaq. İstehsal edilən bu vaksinlər beynəlxalq standartlara tam uyğun olduğundan, gələcəkdə onların digər ölkələrə ixracı da nəzərdə tutulur".
Sədr, həmçinin bildirib ki, gələcəkdə heyvandarlıq və quşçuluq sahəsində digər preparatların da istehsalı nəzərdə tutulur.
Qoşqar Təhməzli qeyd edib ki, qarşıdakı dövrdə həyata keçirilməsi nəzərdə tutulan ən mühüm tədbirlərdən biri işğaldan azad olunmuş ərazilərdə və Naxçıvan Muxtar Respublikasında dabaq xəstəliyindən azad zonaların yaradılmasıdır:
"Bu məqsədə nail olacağımız təqdirdə həmin zonalarda qeydiyyata alınmış təsərrüfatlarda dabaq əleyhinə vaksinasiya aparıldıqdan sonra istehsal olunan heyvandarlıq məhsullarının dünyanın müxtəlif ölkələrinə ixracı mümkün olacaq".
Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ilə müsahibə 30 iyun, saat 20:00-da Trend-də və "Xəzər TV"-də yayımlanacaq.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре