Hesablama Palatasının vəzifə və hüquqları artırılır

Hesablama Palatasının vəzifələri və hüquqları genişləndiriləcək.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirə olunan "Hesablama Palatası haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Naxçıvan Muxtar Respublikası büdcəsinin layihəsinə və icrasına, həmçinin müvafiq qanun layihələrinə və illik hesabatlara dair Azərbaycan Respublikası Hesablama Palatasının rəy verməsi

"Büdcə sistemi haqqında" Qanuna əsasən, Naxçıvan Muxtar Respublikası büdcəsinin icrasına nəzarəti Azərbaycan Respublikasının Hesablama Palatası və Naxçıvan Muxtar Respublikasının Ali Məclisi həyata keçirir.

Təklif olunan dəyişiklik bu prosesi daha da təkmilləşdirir və tamamlayır, Naxçıvan Muxtar Respublikası büdcəsinin hazırlanmasının və icrasının səmərəliliyinin artırılmasına xidmət edir.

Kommersiya, vergi və bank sirri təşkil edən sənəd və məlumatların əldə olunması ilə bağlı rejimin sığorta sirri üzrə məlumatlara da şamil edilməsi

Hesablama Palatasının maliyyə nəzarəti çərçivəsində əldə etdiyi və emal etdiyi məlumatlara kommersiya, bank və vergi sirləri, eləcə də fərdi məlumatlar aid edilsə də, sığorta sirri təşkil edən məlumatlar nəzərə alınmayıb.

Bu səbəbdən maliyyə nəzarəti tədbirləri zamanı bəzi məlumatların sığorta sirri kateqoriyasına aid olması onların əldə edilməsinə məhdudiyyət yaradır.

Ali audit orqanlarının fəaliyyətində məlumatlara məhdudiyyətsiz çıxış imkanının təmin olunması tələbi Mexiko Bəyannaməsində də öz əksini tapıb.

Dövlət auditi informasiya sisteminin formalaşdırılması və məlumatların elektron qaydada həmin sistem üzərindən əldə olunması

Bu məqsədlə Palata dövlət auditi ilə bağlı yaradılan informasiya sisteminin sahibi olacaq və öz fəaliyyətini həyata keçirərkən həmin sistemdən istifadə edəcək. Bununla da Palatanın qanunla müəyyən edilmiş vəzifə və hüquqlarının informasiya sistemi vasitəsilə həyata keçirilməsi imkanı yaranacaq.

Elektron informasiya sistemlərindən auditlər zamanı və ali audit orqanlarının fəaliyyətində istifadə beynəlxalq praktikada geniş tətbiq olunan təcrübə olmaqla yanaşı, son dövrün ən mühüm beynəlxalq çağırışlarından biridir. İnformasiya sistemlərinin tətbiqi kənar dövlət maliyyə nəzarəti (auditi) ilə əhatə olunan vəsaitlərin həcminin artırılmasına (bu amil beynəlxalq reytinqlərdə büdcə şəffaflığı göstəricilərinin qiymətləndirilməsində xüsusi nəzərə alınır), audit fəaliyyətinin optimallaşdırılmasına, məlumatların əldə olunması və mübadiləsinin avtomatlaşdırılmasına, o cümlədən təkrarlanan tapşırıqların avtomatlaşdırılmasına və məlumatların strukturlaşdırılmış formada təqdim edilməsi sayəsində texniki işlərə sərf olunan vaxtın azaldılmasına xidmət edir.

Yaradılması nəzərdə tutulan Dövlət Auditi İnformasiya Sistemi də əldə olunan məlumatların emalının keyfiyyətinin artırılmasına və sürətləndirilməsinə, məhdud insan və vaxt resurslarından daha qənaətlə istifadə edilməsinə imkan yaradacaq.

Dövlət auditoru anlayışının müəyyən edilməsi

Adətən maliyyə nəzarətini həyata keçirən şəxslər auditor adlanırlar. "Auditor xidməti haqqında" Qanunda "sərbəst auditor" ifadəsindən istifadə olunur. Sərbəst auditorlar özəl sektorda fəaliyyət göstərir və bu fəaliyyəti müvafiq icazə əsasında həyata keçirirlər.

Dövlət auditoru isə ali audit orqanının qərar qəbuletmə və maliyyə nəzarəti (auditi) funksiyalarını icra edən nümayəndəsidir.

Qanuna daxil edilən bu anlayış Palata üzvlərinin, o cümlədən sədrin və sədr müavininin audit prosesini peşəkar şəkildə həyata keçirən subyektlər olduğunu ifadə edir.

Qanun layihəsi Palatanın fəaliyyətinin səmərəli təşkilinə, keyfiyyətli yekun sənədlərin hazırlanmasına, Palata haqqında qanunvericiliyin beynəlxalq audit standartlarına uyğunlaşdırılmasına və nəticə etibarilə qanunla Palatanın qarşısında qoyulan vəzifələrin daha səmərəli həyata keçirilməsinə imkan yaradacaq.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.