Linzalarla çimərkən gözlər üçün hansı risklər yaranır?
Kontakt linzalardan istifadə edən şəxslərin su hövzələrində çimərkən ehtiyatlı olmaları tövsiyə edilir.
Day.Az xəbər verir ki, göz həkimlərinin sözlərinə görə, xüsusilə durğun sularda kontakt linzalarla üzmək müxtəlif infeksiya riskini əhəmiyyətli dərəcədə artırır.
Mütəxəssislər bildirirlər ki, göl, süni su hövzəsi və digər axarsız sularda yaşayan bəzi mikroskopik orqanizmlər linzanın altına keçərək gözün buynuz qişasında ciddi iltihaba səbəb ola bilər. Bu infeksiyalardan biri də akantameba keratitidir. Xəstəlik nadir hallarda rast gəlinməsinə baxmayaraq, müalicəsi uzunmüddətli və mürəkkəb ola bilər, bəzi hallarda isə görmə qabiliyyətinə ciddi təsir göstərir.
Həkimlər mümkün riskləri azaltmaq üçün çimərlikdə kontakt linzalardan istifadə etməməyi məsləhət görürlər. Əgər linza ilə suya daxil olmaq qaçılmazdırsa, sudan çıxdıqdan sonra linzaların çıxarılması, yenisi ilə əvəz olunması və gözlərin uyğun steril məhlulla təmizlənməsi tövsiyə edilir.
Eyni zamanda vurğulanır ki, kontakt linzalar düzgün gigiyena qaydalarına riayət edildiyi halda təhlükəsiz görmə vasitələrindən biridir. Bununla belə, gözdə qızartı, iltihab, ağrı və ya buynuz qişada zədə olduğu dövrdə linzalardan istifadə edilməməlidir. Belə hallarda mütləq oftalmoloqa müraciət etmək lazımdır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре