Bakı türk dünyasının birliyini yenidən möhkəmləndirir - Azər Qarayev
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin keçirilməsi təkcə tarixi yubileyin qeyd olunması deyil. Bu tədbir Azərbaycanın türk dünyasının elmi, mədəni və mənəvi inteqrasiyasında oynadığı rolun növbəti dəfə nümayişidir. Məhz Bakıda yüz il əvvəl əsası qoyulan ideyalar bu gün yeni geosiyasi reallıqlar fonunda yenidən aktuallıq qazanır və Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən əməkdaşlıq layihələrində öz real təcəssümünü tapır.
Day.Az xəbər verir ki, bu barədə Trend-ə politoloq Azər Qarayev deyib.
"1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay türk xalqlarının ortaq dil, tarix, əlifba, ədəbiyyat və mədəniyyət məsələlərinin ilk dəfə geniş beynəlxalq müstəvidə müzakirə olunduğu tarixi hadisə idi. Həmin dövrdə qəbul olunan qərarlar yalnız elmi xarakter daşımırdı. Onlar eyni zamanda ortaq kimliyin formalaşmasına, türk xalqları arasında intellektual əlaqələrin möhkəmlənməsinə xidmət edən strateji baxış idi. Sovet hakimiyyətinin sonrakı illərdə bu ideyaların qarşısını alması, qurultay iştirakçılarının repressiyalara məruz qalması həmin təşəbbüsün nə qədər böyük tarixi əhəmiyyət daşıdığını da göstərirdi", - o bildirib.
Onun sözlərinə görə, bu gün həmin ideyalar yenidən həyata qayıdır.
"Təsadüfi deyil ki, Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş tədbirlər məhz Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi dövründə keçirilir. Bu, ölkənin son illər türk dövlətləri arasında inteqrasiyanın dərinləşdirilməsi istiqamətində həyata keçirdiyi siyasətin məntiqi davamıdır. Prezident İlham Əliyev müraciətində bu məqamı xüsusi vurğulayaraq bildirir: "Birinci Türkoloji Qurultayın 100 illik yubileyi ilə əlaqədar Türk Dünyası Həftəsinin Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi dövrünə təsadüf etməsinin xüsusi rəmzi mənası vardır." Bu fikir təsadüfi deyil. Son illər Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində nəqliyyat, iqtisadiyyat, enerji, təhsil, mədəniyyət və humanitar əməkdaşlıq istiqamətlərində çoxsaylı təşəbbüslərlə çıxış edib. Qəbələdə keçirilən Zirvə Görüşü, vahid türk əlifbası istiqamətində görülən işlər, ortaq tarix və mədəniyyət layihələri Azərbaycanın təşkilat daxilində təşəbbüskar mövqeyini daha da gücləndirib. Bu baxımdan Türk Dünyası Həftəsinin Bakıda keçirilməsi həm tarixi yaddaşa ehtiramın, həm də gələcəyə hesablanmış strateji siyasətin ifadəsidir", - o bildirib.
A.Qarayev qeyd edib ki, Azərbaycanın türk dünyasında xüsusi mövqeyi yalnız müasir dövrlə məhdudlaşmır. Hələ XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakı türk-müsəlman dünyasının ən böyük maarifçilik və intellektual mərkəzlərindən birinə çevrilmişdi.
"Burada ilk milli teatr yaradılmış, ilk milli mətbuat formalaşmış, müasir təhsil sistemi inkişaf etmiş, müsəlman Şərqində ilk parlamentli respublika qurulmuşdu. Məhz bu zəmin Birinci Türkoloji Qurultayın da Bakıda keçirilməsini şərtləndirmişdi. Prezident İlham Əliyev müraciətində həmin tarixi reallığı belə ifadə edir: "Azərbaycan XIX əsrdən etibarən köklü ictimai-siyasi və mədəni dəyişikliklər nəticəsində yeni tipli teatr, məktəb və ilk milli mətbu orqanı yaratmaqla milli özünüdərkin gerçəkləşməsinə zəmin hazırlamış, müsəlman və türk dünyasında artıq ilk demokratik dövlət qurmuşdu." Bu sitat Azərbaycanın türk dünyasındakı rolunun tarixi əsaslarını aydın şəkildə göstərir. Azərbaycan yalnız coğrafi baxımdan deyil, ideya və intellekt baxımından da türk xalqları arasında körpü rolunu oynayıb. Burada formalaşan maarifçilik məktəbi, mədəni mühit və siyasi düşüncə sonradan bütün region üçün nümunəyə çevrilib. Məhz buna görə Bakı uzun illər dünya türkologiyasının əsas mərkəzlərindən biri hesab olunub", - o bildirib.
Politoloq vurğulayıb ki, bu gün də həmin ənənə davam etdirilir. Türk Dünyası Həftəsi çərçivəsində 20 ölkədən alimlərin, dövlət rəsmilərinin və beynəlxalq təşkilat nümayəndələrinin Bakıda bir araya gəlməsi Azərbaycanın dialoq platforması kimi artan nüfuzunu göstərir. Tədbirlərin təkcə paytaxtda deyil, Şuşa, Xankəndi və Ağdamda da keçirilməsi isə xüsusi məna daşıyır. Bununla Azərbaycan bir tərəfdən işğaldan azad edilmiş ərazilərdə həyatın tam bərpasını nümayiş etdirir, digər tərəfdən isə Qarabağı türk dünyasının ortaq mədəni məkanına çevirir.
"Əslində, müasir dövrdə türk dövlətləri arasında inteqrasiya artıq yalnız ortaq tarix və dil amili ilə məhdudlaşmır. İqtisadi layihələr, Orta Dəhliz, enerji təhlükəsizliyi, rəqəmsal inkişaf, təhsil proqramları və humanitar əməkdaşlıq vahid strateji məkanın formalaşmasına xidmət edir. Bu prosesdə Azərbaycan həm coğrafi mövqeyi, həm siyasi təşəbbüsləri, həm də balanslaşdırılmış xarici siyasəti ilə aparıcı aktorlardan biri kimi çıxış edir. Prezident İlham Əliyevin müraciətində yer alan daha bir fikir bu baxımdan xüsusi diqqət çəkir: "Əminliklə söyləyə bilərik ki, Türk Dövlətləri Təşkilatının ortaq humanitar məkan formalaşdırmaq üçün müasir mərhələdə uğurla gerçəkləşdirdiyi layihələrin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır." Bu sitat göstərir ki, yüz il əvvəl irəli sürülən ideyalar yalnız tarixi xatirə deyil. Onlar bu gün də praktik siyasətin əsas istiqamətlərindən biridir. Ortaq əlifba üzərində iş, elm və təhsil sahəsində əməkdaşlıq, mədəni irsin qorunması, ortaq media və informasiya məkanının inkişafı kimi layihələr Birinci Türkoloji Qurultayın müəyyən etdiyi strateji xəttin müasir davamı kimi qiymətləndirilə bilər", - A.Qarayev bildirib.
Onun sözlərinə görə, Türk Dünyası Həftəsinin keçirilməsi bir daha nümayiş etdirir ki, Azərbaycan özünü yalnız tədbir təşkilatçısı kimi deyil, həm də türk dünyasının ortaq dəyərlərinin qoruyucusu və təşəbbüskarı kimi təqdim edir.
"Ölkənin bu istiqamətdə həyata keçirdiyi siyasət tarixi irslə müasir inkişafı birləşdirən ardıcıl konsepsiyaya əsaslanır. Bu konsepsiyanın mərkəzində isə ortaq tarixə hörmət, qarşılıqlı etimad, humanitar inteqrasiya və gələcək əməkdaşlığın genişləndirilməsi dayanır.
Bir əsr əvvəl Bakıda səsləndirilən ideyalar bu gün yenidən eyni şəhərdə müzakirə olunur. Fərq ondadır ki, artıq həmin ideyaların həyata keçirilməsi üçün müstəqil türk dövlətləri, güclü beynəlxalq platformalar və ortaq siyasi iradə mövcuddur. Azərbaycan isə həm tarixi missiyasına, həm də müasir imkanlarına söykənərək bu prosesin aparıcı iştirakçılarından biri kimi çıxış edir. Türk Dünyası Həftəsi də məhz bu davamlılığın, tarixi varisliyin və gələcəyə yönəlmiş strateji baxışın ən parlaq təzahürlərindən biri kimi qiymətləndirilə bilər", - politoloq əlavə edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре