Bu qayda pozuntuları cibinizə baha başa gələ bilər - Ən yüksək yol cərimələri AÇIQLANDI
Sükan arxasında edilən kiçik bir diqqətsizlik bəzən böyük maliyyə itkiləri ilə nəticələnə bilər.
Azərbaycanda yol hərəkəti qaydalarını pozan fərdi sürücülər üçün tətbiq olunan inzibati sanksiyalar arasında ən yüksek cərimələr birbaşa insan həyatına təhlükə yaradan xətalara görə kəsilir. Şirkət adından idarə olunan korporativ avtomobillərdə bu rəqəmlər 5 000 AZN-ə qədər yüksəlsə də, fərdi sürücüləri də yüzlərlə manat cərimə, sürücülük hüququndan məhrumetmə və hətta inzibati həbs təhlükəsi gözləyir.
Siyahının ən başında cəmiyyətdə ciddi rezonans doğuran sərxoş vəziyyətdə idarəetmə və avtoxuliqanlıq əməlləri dayanır.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (İXM) əsasən, ən ağır maliyyə itkilərinə səbəb olan xətaların qanunvericilikdəki maddələri aşağıdakı kimidir:
- İXM Maddə 511.1 (Avtoxuliqanlıq): İctimai qaydanı nümayişkaranə şəkildə pozan qərəzli hərəkətlərə görə 500 AZN-dən 750 AZN-dək cərimə tətbiq olunur (əlavə olaraq 1 il sürücülük hüququ məhdudlaşdırılır və ya 15 gündən 1 aya qədər inzibati həbs verilir).
- İXM Maddə 333.1 (Sərxoş idarəetmə): Narkotik, alkoqol və ya psixotrop maddələrin təsiri altında maşın sürməyə görə 600 AZN cərimə kəsilir (və ya 6 aydan 1 ilə qədər sürücülük hüququndan məhrumetmə).
- İXM Maddə 333.2 (Sərxoş idarəetmənin təkrarı): Sərxoş vəziyyətdə idarəetmə əməli 1 il ərzində təkrar törədildikdə 800 AZN cərimə (əlavə olaraq 2 il sürücülük hüququndan məhrumetmə və 15 gündən 1 aya qədər inzibati həbs) tətbiq edilir.
Sürət həvəskarları və vəsiqəsiz sürücülər üçün də qanunvericilik maddələri kifayət qədər sərtdir:
- İXM Maddə 328.4 (Sürət həddinin ağır şəkildə aşılması): Yolda müəyyən edilmiş hərəkət sürəti həddini 61 km/saat-dan artıq aşmağa görə 300 AZN cərimə və 4 cərimə balı verilir.
- İXM Maddə 332.2 (Sürücülük hüququ olmadan idarəetmə): Avtomobili idarə etmək hüququ olmayan şəxsin sükan arxasına əyləşməsinə görə 100 AZN cərimə, həmin şəxs xətanı törədərkən sərxoş olarsa (Maddə 333.4) 400 AZN cərimə kəsilir.
- İXM Maddə 327.4 (Kobud qayda pozuntuları): Birtərəfli yolda hərəkət istiqamətinin əksinə (qarşı-qarşıya) getməyə görə 150 AZN cərimə və 4 cərimə balı, svetoforun qırmızı işığından keçməyə və ya avtobus zolağına daxil olmağa görə isə 100 AZN cərimə (və 3 cərimə balı) tətbiq olunur.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре