Yayda düzgün qidalanma üçün əsas tövsiyələr
Yay aylarında isti hava şəraiti səbəbindən qidalanmaya xüsusi diqqət yetirilməlidir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu bildirir ki, orqanizmin maye balansını qorumaq üçün kifayət qədər su içmək vacibdir. Mütəxəssislər hər kiloqram bədən çəkisinə təxminən 30 millilitr su qəbulunu tövsiyə edir, şirin və qazlı içkilərin, eləcə də həddindən artıq çay və qəhvə istehlakının məhdudlaşdırılmasını məsləhət görür.
Day.Az xəbər verir ki, qidalanmada mövsümi meyvə və tərəvəzlərə üstünlük verilməsi, eyni zamanda meyvələrin həddindən artıq istehlak edilməməsi tövsiyə olunur.
Yeməklərin sobada, buxarda və ya az yağla hazırlanması daha sağlam hesab edilir. Pikniklərdə manqalda bişirilən qidalar isə qida təhlükəsizliyi və gigiyena qaydalarına əməl olunduğu halda uyğun seçim sayılır.
İnstitut yay aylarında nizamlı yuxu rejiminin də sağlam həyat tərzinin vacib hissəsi olduğunu vurğulayır. Gec yatmaq və gecə saatlarında əlavə qida qəbulu həzm sisteminə yük yarada biləcəyindən, həm sağlam qidalanma, həm də ümumi sağlamlığın qorunması üçün gündəlik rejimə riayət edilməsi tövsiyə edilir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре