ABŞ Azərbaycanla energetika, süni intellekt və data mərkəzlərinin yaradılması sahələrində layihələr həyata keçirir

ABŞ Azərbaycanla əməkdaşlığı davam etdirərək onu ənənəvi energetika sahəsindən süni intellekt, bulud texnologiyaları və məlumatların emalı mərkəzlərinə (data mərkəzləri) investisiyalar istiqamətində genişləndirir.

Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon Bakıda ölkəsinin Müstəqillik Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ABŞ və Amerika şirkətləri uzun illər ərzində Azərbaycanın aparıcı enerji iqtisadiyyatlarından birinə çevrilməsinə dəstək veriblər.

"Əsrin müqaviləsi"ndən Cənub Qaz Dəhlizinə qədər ABŞ hökuməti və Amerika şirkətləri Azərbaycanın böyük enerji iqtisadiyyatına çevrilməsini qürurla dəstəkləyiblər. Bu gün həmin əməkdaşlığa əsaslanaraq energetika və süni intellekt sahələrinə yeni investisiyalar yatırır, data mərkəzləri yaradır və iqtisadi artım hesabına qarşılıqlı rifahı təmin etmək üçün digər qabaqcıl imkanları araşdırırıq. Bunlar uzaq gələcək üçün planlar deyil - biz onları artıq indi həyata keçiririk", - deyə E. Karlon bildirib.

O qeyd edib ki, ötən ay Bakı Enerji Həftəsi və ABŞ-Azərbaycan İqtisadi Dialoqu çərçivəsində Amerika şirkətləri azərbaycanlı tərəfdaşlarla ümumi dəyəri 8 milyard dollardan çox olan sazişlər imzalayıblar.

"Bu razılaşmalar qabaqcıl materiallar, süni intellekt, bulud hesablamaları və yeni nəsil texnologiyalar sahələrini əhatə edir", - deyə E. Karlon vurğulayıb.

O bildirib ki, minlərlə Azərbaycan vətəndaşı Amerika mübadilə proqramlarında iştirak edib, ABŞ universitetlərində təhsil alıb və dövlətlər arasında uzunmüddətli münasibətlərin əsasını təşkil edən insani əlaqələrin möhkəmlənməsinə töhfə verib.

E. Karlon xatırladıb ki, ABŞ Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub.

"Son 35 il ərzində biz sülh və sabitlik naminə investisiyaları, dialoqu və diplomatiyanı dəstəkləmişik. Bu gün də daha sıx əlaqəli, firavan və təhlükəsiz gələcək naminə birgə fəaliyyətimizi davam etdiririk", - deyə o əlavə edib.