Azərbaycan Ordusunun beynəlxalq əməliyyatlarda iştirakı araşdırılır - Zakir Həsənov
BMT-nin və NATO-nun keçirdiyi müxtəlif əməliyyatlarda Azərbaycan Ordusunun iştirak imkanları araşdırılır.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Müdafiə Nazirliyinin birgə hazırladığı "Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat" üçün yazdığı ön sözdə bildirib.
"Hazırda beynəlxalq sülhün qorunmasına köməklik göstərilməsi üçün BMT-nin və NATO-nun keçirdiyi müxtəlif əməliyyatlarda Azərbaycan Ordusunun iştirak imkanları araşdırılır",- deyə nazir əlavə edib.
Zakir Həsənovun sözlərinə görə, 1999-cu ildən bu günə qədər Azərbaycan Ordusunun 3 mindən çox hərbi qulluqçusu dünyanın müxtəlif regionlarında keçirilən sülhməramlı əməliyyatlarda iştirak edib.
Nazir qeyd edib ki, Azərbaycan Respublikasının sülhməramlı qüvvələri 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin tapşırığı ilə yaradılıb.
"Bu tarixi qərar ölkəmizin sülhə, beynəlxalq təhlükəsizliyə və sabitliyə olan sadiqliyinin bariz nümunəsidir", - deyə o vurğulayıb.
Z.Həsənov bildirib ki, ölkə ağır siyasi və iqtisadi şəraitdə, ərazisinin 20 faizinin işğal altında, bir milyona yaxın qaçqın və məcburi köçkünün olduğu dövrdə belə beynəlxalq təhlükəsizliyə töhfə vermək üçün sülhməramlı qüvvələr yaratmağa nail olub.
"Azərbaycan Respublikası, bütün çətinliklərə baxmayaraq, öz iradəsini və əzmini nümayiş etdirərək beynəlxalq təhlükəsizliyə töhfə vermək istəyinin həyata keçirilməsi üçün sülhməramlı qüvvələrini yaratmağa müvəffəq oldu. Azərbaycanın ilk sülhməramlı missiyası Kosovoda həyata keçirilib, daha sonra hərbçilər Əfqanıstan və İraqda beynəlxalq missiyalarda uğurla xidmət ediblər. Sülhməramlı qüvvələrimiz iştirak etdiyi əməliyyatlarda strateji əhəmiyyətli obyektlərin mühafizəsi, humanitar yardım kolonlarının müşayiəti, ictimai təhlükəsizliyin təmin edilməsi, silahlı qruplaşmaların tərksilah edilməsi, yaralıların təxliyəsi və digər mühüm tapşırıqları yerinə yetirmişdir", - deyə Z.Həsənov bildirib.
Nazir əlavə edib ki, hazırda Azərbaycan hərbçiləri BMT-nin Cənubi Sudan Respublikasındakı missiyasında hərbi müşahidəçi qismində beynəlxalq təhlükəsizliyə töhfə verməyə davam edirlər.
"Sülhməramlı əməliyyatlarda iştirakla bağlı verilən siyasi qərarlar, ölkəmizin göstərdiyi iradə və sülhməramlı qüvvələrimizin verdiyi töhfələr Azərbaycanın dünyada etibarlı tərəfdaş və dost kimi nüfuzunu daha da gücləndirmiş, eləcə də sülhsevər ölkə kimi tanıtmışdır", - deyə müdafiə naziri vurğulayıb.
Z.Həsənov qeyd edib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi diqqəti nəticəsində sülhməramlı qüvvələr müasir silah və texnika ilə təchiz olunur, şəxsi heyətin xüsusi hazırlıq proqramları isə davamlı olaraq təkmilləşdirilir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре