AİB Azərbaycanın iştirakı ilə süni intellekt sahəsində layihəni nəzərdən keçirir

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın iştirakı ilə süni intellekt sahəsində layihəni nəzərdən keçirir.

Asiya İnkişaf Bankının yaydığı məlumatda bildirilir ki, "İnfrastrukturun, həllərin və zəruri səriştələrin inkişafı vasitəsilə süni intellektin tətbiqinə hazırlığın artırılması (AI RISE)" adlı layihə Azərbaycan, Qazaxıstan, Pakistan, Tacikistan, Özbəkistan və bir sıra digər ölkələri əhatə edir.

Texniki yardım (TA) çərçivəsində həyata keçirilən təşəbbüs AİB-ə üzv inkişaf etməkdə olan ölkələrdə süni intellekt texnologiyalarının tətbiqinə hazır infrastrukturun yaradılmasına, yüksək səmərəli süni intellekt həllərinin tətbiqinin sürətləndirilməsinə, həmçinin süni intellektdən məsuliyyətli, miqyaslana bilən və dayanıqlı şəkildə istifadə üçün zəruri institusional potensialın inkişafına dəstək göstərməyi hədəfləyir.

"Texniki yardım proqramı AİB-ə üzv ölkələri üç əsas istiqamətə əsaslanan kompleks yanaşma vasitəsilə dəstəkləyəcək: 1) süni intellektə hazırlıq baxımından rəqəmsal infrastrukturun və məlumat ekosistemlərinin diaqnostikasının aparılması, eləcə də investisiya planlarının hazırlanması; 2) AİB-in dəstəklədiyi rəqəmsal platformalara və sahə layihələrinə inteqrasiya olunmuş süni intellekt əsaslı tətbiqi həllərin hazırlanması və pilot tətbiqi; 3) layihələrin həyata keçirilməsinə hazırlığın və ekosistemin inkişafının artırılması məqsədilə institusional potensialın gücləndirilməsi və regional bilik mübadiləsinin təşkili. Bu tədbirlər birlikdə müəyyən edilmiş imkanların və sınaqdan keçirilmiş istifadə ssenarilərinin investisiyaya hazır konsepsiya və layihələrə çevrilməsi yolu ilə iqtisadiyyatın müxtəlif sahələrində süni intellektdən istifadəni nəzərdə tutan dövlət və özəl investisiya layihələri portfelinin formalaşdırılmasına xidmət edəcək", - deyə bankın məlumatında qeyd olunur.

AİB-in məlumatına əsasən, təklif olunan texniki yardım proqramı bankın texniki məsləhət xidmətləri, institusional potensialın gücləndirilməsi və müxtəlif sahələrdə yüksək səmərəli süni intellekt həllərinin tətbiqi vasitəsilə üzv ölkələrdə süni intellektin məsuliyyətli və inklüziv tətbiqini təşviq etmək məqsədilə yaradılmış regional platforması - Süni İntellekt üzrə İnnovasiya və İnkişaf Mərkəzinin (Center for AI Innovation and Development - CAID) fəaliyyəti əsasında həyata keçiriləcək.

"Bundan əlavə, proqram AİB-in Rəqəmsal Sektor İdarəsinin regionun əsas rəqəmsal infrastrukturunun gücləndirilməsinə yönəlmiş flaqman təşəbbüsü - "Asia Pacific Digital Highway" proqramının məqsədlərinə də töhfə verəcək. Bu təşəbbüs rəqəmsal əlaqəliliyin genişləndirilməsi, bulud texnologiyalarının və məlumat emalı mərkəzləri ekosisteminin inkişafı, eləcə də süni intellekt texnologiyalarının geniş tətbiqini təmin edə biləcək qarşılıqlı uyğun rəqəmsal platformaların yaradılmasını nəzərdə tutur", - deyə bankın məlumatında bildirilir.

Day.Az xəbər verir ki, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov daha əvvəl Trend-ə bildirib ki, 2025-ci il ərzində "Azərbaycan Respublikasının Süni İntellektin İnkişafı Strategiyası 2025-2028-ci illər" və "Azərbaycan Respublikasının Rəqəmsal İqtisadiyyatın İnkişafı Strategiyası 2026-2029-cu illər" sənədlərinin qəbul edilməsi ölkənin rəqəmsal və texnoloji transformasiyasını ilk dəfə vahid, ölçülə bilən və nəticəyönümlü çərçivədə birləşdirib.

"2026-cı ildən etibarən 4SİM-in fəaliyyət prioritetləri "Azərbaycan Respublikasında 2026-2029-cu illər üzrə rəqəmsal iqtisadiyyatın inkişafına dair Strategiya"nın icrası ilə birbaşa əlaqələndirilir və bu strategiyada nəzərdə tutulan əsas təşəbbüslərin praktiki icrasına fokuslanır. Bu çərçivədə 4SİM-in əsas prioritetləri sənaye və biznes mühitində süni intellekt, data analitikası, rəqəmsal əkiz və generativ süni intellekt kimi Dördüncü Sənaye İnqilabı texnologiyalarının milli iqtisadiyyatın müxtəlif sektorlarında tətbiqinin genişləndirilməsi, texnoloji transformasiya proqramlarının müəssisələr üzrə tətbiqi və data əsaslı qərarvermə mexanizmlərinin formalaşdırılması olacaqdır.",-deyə o qeyd edib.

Bundan başqa, baş ofisi Bostonda (ABŞ) yerləşən qlobal konsaltinq şirkəti "Boston Consulting Group"un idarəedici direktoru və tərəfdaşı Anton Aristov Trend-ə verdiyi özəl müsahibədə bildirib ki, Azərbaycan energetika sahəsində süni intellektin tətbiqində əsas rol oynaya bilər.

"Azərbaycanı regional innovasiya mərkəzinə çevirmək üçün əsas prioritetimiz qlobal süni intellekt ekosistemi ilə dayanıqlı əlaqələrin qurulmasıdır. Biz "Silikon Vadisi"ndən olan investorlarla işləyirik və layihənin müstəqil şəkildə, geniş miqyasda inkişaf edə bilməsi və nəticə etibarilə digər enerji şirkətlərinə də xidmət göstərməsi üçün vençur kapitalını cəlb etməyə çalışırıq. İlk pilot layihəmiz təsdiqləndikdən sonra, Azərbaycanda yaradılmış - burada hazırlanmış və Azərbaycan enerji sektorunun vəzifələri üzərində sınaqdan keçirilmiş - bilikləri dünyaya ixrac edə biləcəyik", - deyə o bildirib.