Prezident İlham Əliyevə ictimai etimadın əsasları: Azərbaycanın inkişaf modelinə baxış

Müəllif: Əliş Abdulla
Mənbə: Trend

Müasir dövrdə dövlətlərin uğurunun əsas göstəricilərindən biri cəmiyyətin hakimiyyət institutlarına inam səviyyəsi, ölkənin daxili sabitliyi və beynəlxalq nüfuzudur. Azərbaycanda son illərdə müşahidə olunan siyasi, iqtisadi və təhlükəsizlik sahəsindəki nəticələr ictimai rəyin formalaşmasına da birbaşa təsir göstərib. Son sosioloji sorğular göstərir ki, ölkədə dövlət idarəçiliyinə münasibət yüksək etimad üzərində qurulub və bu, müxtəlif sahələrdə əldə edilən real nəticələrlə əlaqələndirilir.

İctimai etimadın rəqəmlərlə ifadəsi

Medianın İnkişafı Agentliyinin (MEDİA) açıqladığı son ictimai rəy sorğusunun nəticələri ölkədə Prezident İlham Əliyevə münasibətin yüksək səviyyədə olduğunu nümayiş etdirir. Sorğu iştirakçılarının 87,7 faizi Prezident İlham Əliyevə etimad göstərdiyini bildirib. Bununla yanaşı, respondentlərin 93,6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirib, 81,9 faizi isə onu alternativsiz siyasi lider hesab etdiyini ifadə edib. Bu göstəricilər cəmiyyətin müxtəlif təbəqələrində dövlət siyasətinə verilən dəstəyin yüksək olduğunu ortaya qoyur.

Belə nəticələrin formalaşması təsadüfi deyil. Son illərdə Azərbaycanın keçdiyi inkişaf yolu, milli maraqların müdafiəsi istiqamətində atılan addımlar, ölkənin beynəlxalq mövqeyinin güclənməsi və təhlükəsizlik sahəsində əldə olunan uğurlar ictimai rəyin əsas müəyyənedici amilləri kimi çıxış edir.

Milli maraqları əsas götürən siyasi kurs

Azərbaycanda dövlət idarəçiliyinə münasibəti müəyyənləşdirən əsas amillərdən biri həyata keçirilən siyasətin milli maraqlar üzərində qurulmasıdır. Prezident İlham Əliyevin fəaliyyətinin qiymətləndirilməsində cəmiyyətin diqqət yetirdiyi əsas məqamlardan biri məhz Azərbaycanın dövlət maraqlarının bütün məsələlərdə prioritet hesab edilməsidir.

Son illərdə həm regional, həm də qlobal səviyyədə baş verən mürəkkəb geosiyasi proseslər fonunda Azərbaycanın prinsipial mövqeyini qoruması, milli maraqlardan geri çəkilməməsi və dövlət suverenliyinə dair məsələlərdə ardıcıl siyasət yürütməsi ölkə daxilində geniş dəstək qazanıb. Məhz bu yanaşma Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasi xəttinin əsas xüsusiyyətlərindən biri kimi qiymətləndirilir.

Hakimiyyətlə xalq arasında qarşılıqlı etimad

İctimai rəyin formalaşmasında mühüm rol oynayan digər amil Prezident İlham Əliyev ilə cəmiyyət arasında mövcud olan qarşılıqlı inam münasibətləridir. Prezident İlham Əliyevin öz fəaliyyətində xalqın iradəsini əsas götürməsi, qərarların qəbulunda milli maraqları və vətəndaşların gözləntilərini ön plana çıxarması cəmiyyətdə etimadın daha da möhkəmlənməsinə şərait yaradıb.

Bu baxımdan Prezident İlham Əliyevin siyasi dayağının xalq olması, eyni zamanda xalqın da ona yüksək dəstək nümayiş etdirməsi ölkədə siyasi sabitliyin mühüm sütunlarından biri hesab olunur. Sorğuda qeydə alınan yüksək etimad göstəriciləri də məhz bu qarşılıqlı münasibətin nəticəsi kimi dəyərləndirilə bilər.

Liderlik keyfiyyətləri və beynəlxalq nüfuz

Müasir beynəlxalq münasibətlər sistemində dövlət rəhbərinin şəxsi liderlik xüsusiyyətləri ölkənin xarici siyasət imkanlarına da ciddi təsir göstərir. Prezident İlham Əliyevin qətiyyətli qərarlar qəbul edən siyasi lider kimi tanınması, ölkə daxilində olduğu kimi beynəlxalq müstəvidə də yüksək nüfuz qazanması Azərbaycanın mövqelərinin güclənməsində mühüm rol oynayıb.

Son illər Azərbaycanın iştirak etdiyi beynəlxalq platformalarda nümayiş etdirdiyi fəallıq, müxtəlif qlobal təşəbbüslərdə söz sahibi kimi çıxış etməsi və müstəqil mövqe nümayiş etdirməsi ölkənin diplomatik imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Bu isə Prezident İlham Əliyevin güclü siyasi lider kimi qəbul edilməsini şərtləndirən əsas amillərdən biridir.

İqtisadi inkişaf və güclü dövlət modeli

İctimai dəstəyin əsas səbəblərindən biri də Azərbaycanın iqtisadi potensialının əhəmiyyətli dərəcədə artmasıdır. Son illərdə ölkədə həyata keçirilən iqtisadi islahatlar nəticəsində Azərbaycan özünü təmin edə bilən, dayanıqlı iqtisadiyyata malik dövlət kimi mövqeyini möhkəmləndirib.

İqtisadi gücün artması müdafiə qabiliyyətinin də güclənməsinə imkan yaradıb. Müasir ordu quruculuğu istiqamətində həyata keçirilən ardıcıl tədbirlər nəticəsində Azərbaycan regionun ən güclü hərbi potensialına malik ölkələrindən birinə çevrilib. Güclü iqtisadiyyatla hərbi imkanların vəhdəti dövlətin milli təhlükəsizlik sisteminin möhkəmlənməsinə xidmət edib.

Regional liderlikdən qlobal nüfuza doğru

Bu gün Azərbaycan yalnız Cənubi Qafqazın aparıcı dövləti kimi deyil, həm də beynəlxalq münasibətlər sistemində müstəqil siyasət yürüdən və prinsipial mövqeyi ilə seçilən ölkə kimi qəbul edilir.

Enerji təhlükəsizliyi, nəqliyyat layihələri, beynəlxalq əməkdaşlıq platformaları və çoxtərəfli diplomatiyada fəal iştirak Azərbaycanın qlobal əhəmiyyətini daha da artırıb. Xarici siyasətdə balanslı yanaşmanın qorunması, milli maraqlara əsaslanan qərarların qəbul edilməsi və heç bir xarici təsir altında olmayan müstəqil siyasi kurs ölkənin beynəlxalq nüfuzunu möhkəmləndirib.

Tarixi zəfər və tam suverenliyin təmin olunması

Azərbaycanın müasir tarixində dönüş nöqtəsi hesab edilən 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə ictimai rəyin formalaşmasına ən güclü təsir göstərən hadisələrdən biri olub.

Müharibə nəticəsində Azərbaycanın uzun illər işğal altında qalan torpaqları azad edildi, ölkənin ərazi bütövlüyü bərpa olundu, sonrakı mərhələdə isə tam dövlət suverenliyi təmin edildi. Bu nəticələr təkcə hərbi uğur deyil, həm də dövlətçilik tarixində strateji əhəmiyyətə malik hadisə kimi qiymətləndirilir.

Məhz bu nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasi və hərbi strategiyanın uğurlu nəticəsi kimi cəmiyyət tərəfindən yüksək qiymətləndirilir və sorğularda müşahidə olunan yüksək etimad göstəricilərinin əsas səbəblərindən biri hesab olunur.

Qlobal qeyri-sabitlik fonunda Azərbaycanın təhlükəsizlik üstünlüyü

Hazırda dünyanın müxtəlif bölgələrində yeni münaqişələr, geosiyasi qarşıdurmalar və təhlükəsizlik riskləri sürətlə artır. Belə mürəkkəb beynəlxalq şəraitdə Azərbaycanın sabit və təhlükəsiz ölkə kimi mövqeyini qoruyub saxlaması xüsusi diqqət çəkir.

Daxili sabitliyin təmin olunması, ictimai təhlükəsizlik sisteminin effektiv fəaliyyəti, dövlət institutlarının koordinasiyalı işi və təhlükəsizlik sahəsində həyata keçirilən siyasət ölkədə sabit inkişaf üçün əlverişli mühit formalaşdırıb. Dünyanın bir çox regionlarında gərginliklərin artdığı dövrdə Azərbaycanın təhlükəsizlik baxımından etibarlı dövlət kimi tanınması həm vətəndaşların gündəlik həyatında, həm də beynəlxalq tərəfdaşların ölkəyə münasibətində özünü aydın şəkildə göstərir.

Sosioloji sorğularda əks olunan 87,7 faizlik etimad, 93,6 faizlik müsbət fəaliyyət qiymətləndirilməsi81,9 faizlik alternativsiz lider göstəricisi yalnız statistik rəqəmlər deyil. Bu nəticələr son illər ərzində Azərbaycanın keçdiyi inkişaf yolunun, milli maraqlara söykənən dövlət siyasətinin, güclü iqtisadiyyatın, müasir ordunun, beynəlxalq nüfuzun, tarixi zəfərin və ölkədə təmin edilən yüksək sabitliyin ictimai şüurda yaratdığı ümumi qiymətləndirməni əks etdirir. Məhz bu amillərin məcmusu Azərbaycanın mövcud inkişaf modelinə cəmiyyət tərəfindən göstərilən dəstəyin əsas izahı kimi çıxış edir.