Mərkəzi Bank və Dünya Bankı FINGROW proqramının həyata keçirilməsini müzakirə edib
Azərbaycan Mərkəzi Bankı (AMB) və Dünya bankının nümayəndələri FINGROW proqramının həyata keçirilməsini müzakirə edib.
Day.Az xəbər verir ki, bu barədə AMB-in rəsmi "X" sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirilib.
Qeyd olunub ki, AMB-in rəhbər heyəti Dünya Bankının İş yerləri və İqtisadi Artım üçün Maliyyə Əlçatanlığı (FINGROW) Missiyasının nümayəndələrini qəbul edib.
"Görüşdə FINGROW proqramının məqsədi, əhatə dairəsi, proqram çərçivəsində nəzərdə tutulan tədbirlər, Mərkəzi Bankın bu təşəbbüsdə rolu müzakirə olunub. Görüşdə həmçinin Azərbaycanda maliyyə əlçatanlığının genişləndirilməsi, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi imkanlarının artırılması, rəqəmsal ödənişlərin təşviqi, maliyyə inklüzivliyinin dərinləşdirilməsi, kredit təminatı mexanizminin təkmilləşdirilməsi prosesinə FINGROW proqramının dəstəyi istiqamətində fikir mübadiləsi aparılıb",-deyə paylaşımda bildirilir.
Qeyd olunur ki, FINGROW Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üçün nəzərdə tutulmuş çoxmərhələli proqramıdır. Proqramın əsas məqsədi maliyyə resurslarına çıxışı genişləndirməklə sahibkarlığın inkişafını, yeni iş yerlərinin yaradılmasını və dayanıqlı iqtisadi artımı dəstəkləməkdir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре